2030-cu ilədək Azərbaycanda elektrikin 40%-i “yaşıl” olacaq

2030-cu-iledek-azerbaycanda-elektrikin-40-i-yasil-olacaq
Oxunma sayı: 259

“İqlim hədəflərimizə tam sadiq qalmaqla yanaşı, biz həmçinin qəbul etməliyik ki, yaxın gələcəkdə real inkişaf ənənəvi enerji resursları olmadan davam etdirilə bilməz”.

“Qafqazinfo” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı deyib.

O qeyd edib ki, enerji təhlükəsizliyi həmçinin sülh, regional bağlantılar və dayanıqlı iqtisadi inkişafla sıx əlaqəlidir: “16 ölkəyə etibarlı təbii qaz tədarükçüsü kimi, Azərbaycan boru kəməri ilə qaz təchizatı üzrə dünyanın aparıcı tədarükçüləri sırasında yer alır və Avropada və onun sərhədlərindən kənarda enerji təhlükəsizliyinin gücləndirilməsi və təchizat marşrutlarının şaxələndirilməsində strateji rol oynayır.

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi zaman keçdikcə onun təmiz enerjiyə keçid prosesindəki artan rolu ilə daha çox tamamlanır. Biz bərpa olunan enerjiyə sərmayə yatırır, mühüm günəş və külək enerjisi layihələrini istismara verir, hidroenerji potensialını genişləndirir və aparıcı beynəlxalq tərəfdaşlarla birlikdə yeni təmiz enerji təşəbbüslərini inkişaf etdiririk. Artıq imzalanmış sazişlər 2030-cu ilə qədər təxminən 6 QVt həcmində əlavə günəş və külək enerjisinin yaradılmasını nəzərdə tutur.

2030-cu ilədək Azərbaycanın elektrik enerjisinin təxminən 40%-nin bərpa olunan enerji mənbələrindən alınacağı gözlənilir.

Bərpa olunan enerji istehsalının genişləndirilməsi Azərbaycan üçün Avropa bazarlarına yaşıl elektrik enerjisi ixracı baxımından yeni imkanlar yaradacaqdır.

Beləliklə, bizim etibarlı enerji tərəfdaşı kimi rolumuz qlobal enerji keçidi ilə paralel şəkildə inkişaf edir”.