8 Noyabr prospekti günlərdir qazılıb, təmir isə aparılmır - Fotolar

8-noyabr-prospekti-gunlerdir-qazilib-temir-ise-aparilmir
Oxunma sayı: 2575

Bakıda 8 Noyabr prospekti bir həftədən artıqdır ki, bir neçə yerdən qazılıb. Zığ istiqamətindən üzü mərkəzə doğru hərəkət edən sürücülər günlərdir yolun vəziyyətindən əziyyət çəkirlər.

Sürücülərin “Qafqazinfo”ya bildirdiyinə görə, hazırda yolda heç bir təmir briqadası işləmir. Ona görə də təmirin nə vaxt bitəcəyi, yolların nə zaman düzələcəyi məlum deyil:

“Yolun bu vəziyyətdə olması ilə bağlı heç bir xəbərdaredici işarə qoyulmayıb. Aeroport yolundan yüksək sürətlə gələnlər qəfildən çuxura düşürlər. Xüsusən gecə saatlarında bu yoldan istifadə edənlər üçün ciddi təhlükə yaranır. İş də getmir ki, yaxın vaxtlarda təmir olunub başa çatacağını düşünək. Bir həftədən artıqdır ki, yol belə vəziyyətdədir”.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik. Qurumdan sözügedən problemin aradan qaldırılacağı bildirildi:

“Bu məsələ nəzarətimizdədir. Rəhbərlik tərəfindən tapşırıq verilib ki, qısa müddət ərzində ərazidə narahatlığa səbəb olan problem aradan qaldırılsın”.