“90 dəqiqə dözməliyik” - Qurban Qurbanov

90-deqiqe-dozmeliyik
Oxunma sayı: 3815

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabah Avropa Liqasının 1/8 finalında “Bayer”ə (Leverkuzen) qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, o, əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb.

“Çox vacib oyundur. Hiss edirik, görürük və oxuyuruq ki, bizə dəstək böyükdür. Bakıda futbol ab-havası var. Baxmayaraq ki, güclü rəqibdir, amma onlara qarşı oynamaq xoşdur. Belə klublardan böyük təcrübə yığırıq. Oyuna pis hazırlaşmamışıq. İnanıram ki, futbolçular özlərini meydanda yaxşı tərəfdən göstərəcəklər. Sabah fiziki güc yox, 90 dəqiqə oyunun içində olmaq vacibdir. Rəqib sürətlidir, dinamikdir. İnanıram ki, stadion dolacaq. Yaxşı oyun göstərərək onları sevindirməyə çalışacağıq”, - Q.Qurbanov bildirib.

- Komandaların gücü göz önündədir. Fərqi nəzərə alaraq “Qarabağ” sabah hansı məqama daha çox diqqət edəcək?

- Fərqi həmişə nəzərə almışıq, amma çox düşünməmişik. Bunu bacararıq deyə inamla hazırlaşırıq. Rəqibin nə qədər gücü olsa da, biz çəkinmədən mübarizə aparmalıyıq. Futbolçulara ilk tapşırığım o olacaq ki, 90 dəqiqə dözməliyik. Bugünkü futbolda vacib amildir. Düşüncələrimiz var, necə oynamalıyıq deyə fikirləşmişik. Dözməyi bacarmalıyıq.

- Türkiyədə sizi ikinci təmsilçimiz kimi görürlər. Bu oyun öncəsi onlara nə demək istəyərdiz?

- Biz həmişə türk futbolunu izləmişik, onlara dəstək olmuşuq. Onlar da qarşılıq veriblər. Təbii ki, dəstək bizə motivasiyadır. Xaricdə onların dəstəyini də hər zaman hiss edirik. Əgər biz bilsək ki, yanımızda qardaşlarımız var, qorxacaq bir şey olmayacaq. 

- “Neftçi” ilə oyunda əsas heyətə şans verdiz, futbolçuların üzərində yüklənmə yoxdur?

- Yox, hazırlıq planımız var idi. “Neftçi” ilə qarşılaşmada bir çox oyunçunun meydanda olması vacib idi. “Braqa” ilə ağır oyundan sonra çox rotasiya etdik. Ona görə vacib idi. Planımıza görə “Bayer”lə matçda komanda daha yaxşı durumda olacaq. 

- Bu görüşdə favorit bəllidir. Rəqibin gücünü nəzərə alsaq, sizdən baxımlı futbol görəcəyik, yoxsa nəticə önəmlidir?

- Baxımlı futbol istəməsək, nəticə olmaz. Bəzən alınmır, çünki rəqib imkan vermir. Biz əgər çəkinərək, nəticə lazımdır deyə, oynasaq, hər şey fərqli olar. Əksinə, daim baxımlı futbol oynamaq istəyirik. Azarkeşlər də baxımlı oyun istəyir. Yenə də öz düşündüyümüz oyunu göstərməyə çalışacağıq. Ola bilər ki, rəqib bizi ustalıqda üstələyər, düşündüyümüz kimi olmaz. Biz oyunumuzu göstərə bilməyəcəyik deyə bir şey yoxdur. Bizim böyüməyimiz üçün bu vacibdir. Nəticə vermək istəyiriksə, güclü rəqiblərə qarşı yaxşı oynamalıyıq. 

- Siz bu yaxınlarda Xabi Alonso ilə görüşmüşdünüz. Yəqin ki, taktikalar barədə danışmısınız. Bu söhbətlərdən hər iki məşqçi istifadə edib plan qura bilər?

- Yox, deməzdim hansısa plan var. Böyük klublar öz oyununu qurmağa, yaxşılaşdırmağa çalışır. Xabi Alonso yaxşı işlər görür, heyətə öz fəlsəfəsinə uyğun oyunçular yığır. Danışdıq, söhbətləşdik. Hansısa elementlərin nəyisə dəyişəcəyini düşünmürəm. Futbolun dili birdir, sadəcə tələbləri kim daha yaxşı yerinə yetirirsə, o qalib gəlir. Üstünlüyümüz o oldu ki, yaxından tanış olduq. Mənə maraqlı olan Xabinin karyerası idi, necə olub ki, bu yerlərə gəlib. Onun peşəkar davranışları maraqlı idi. Gələcəkdə mənə kömək edə bilər. 

- “Bayer”lə qrupda oynamısınız. İndiki vəziyyətlə ogünkü vəziyyəti necə müqayisə edərdiniz?

- Məncə, onlar indi daha ciddi yanaşacaqlar. Bakıda yaxşı mübarizə aparmışdıq. Qrupda olanda onlar liderliyi təmin etmişdi. Amma indi iki oyun var və uduzan çıxacaq. Xabi Alonso elə məşqçidir ki, bütün oyunlara ciddi yanaşır. 

- Julio Romaonun mövqeyində oynayacaq futbolçunu müəyyənləşdirmisiniz?

- Bəli, durum da yaxşıdır. 

- Atalar 3-dən deyib. “Bayer”lə 2 dəfə qarşılaşmısınız…

- Ataların sözündən çıxmaq olmaz. Onlar düz deyib, amma sabah nə olacağını görəcəyik. Sadəcə 3-lə bitmir axı, 4-cüsü də var.