96 yaşında fenomen oldu - 15 milyon izləyicisi var - Video

96-yasinda-fenomen-oldu
Oxunma sayı: 385

ABŞ-nin Konnektikut ştatında yaşayan 96 yaşlı Lillian Dronyak sosial şəbəkələrdə “Nənə Dronyak” adı ilə məşhurdur. Təxminən 15 milyon izləyicisi olan qadın sosial mediada qazandığı pulla ayda 12 min dollara başa gələn qocalar evi xərclərini ödəyir.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, Dronyak bu ilin iyununda yaşadığı qocalar evinin onu məclislər təşkil etdiyinə görə oradan çıxarmaqla hədələdiyini dedikdən sonra diqqət çəkib.

Qocalar evi təhdidi təsdiqləyib. Tərəflər daha sonra onun məclislərə getməsinə icazə verilməsi, lakin spirtli içkilərin gətirilməməsi barədə razılığa gəliblər.

Dronyak sosial mediada şöhrət qazanmağa 2020-ci ildə başlayıb. Nəvəsi əvvəlcə darıxdığı üçün ona videolar paylaşmaqda kömək edib. Sonradan bu məşğuliyyət gəlirli fəaliyyətə çevrilib. Nəvəsi qida və gözəllik brendləri ilə əməkdaşlıq çərçivəsində sponsorlu məzmun hazırlayır. Əldə olunan gəlirin bir hissəsi qocalar evinin xərclərinə, digər hissəsi isə nəvələrinin uşaqlarının kollec təhsili üçün yaradılan fonda yönəldilir.

“Mən həmişə məşhur olmaq potensialımın olduğunu bilirdim, sadəcə bunun 90 yaşlarımda baş verəcəyini düşünmürdüm”, – Dronyak BBC-yə müsahibəsində deyib.

O, populyarlığının səbəbini yaşlı insanların da aktiv və əyləncəli həyat sürə biləcəyini göstərməsi ilə izah edib.

“İnsanlar yaşlıların sadəcə oturub divara baxdıqlarını düşünürlər. Amma mən qocalmağın o qədər də pis olmadığını göstərirəm. Yaşlanmağı qəbul edir, yenə də əylənə və çölə çıxa bilirik”, – deyə o bildirib.

Küçədə izləyiciləri tərəfindən tanınmasına baxmayaraq, Dronyak şöhrətinin qocalar evindəki münasibətə təsir etmədiyini deyir. Onun sözlərinə görə, müəssisə əməkdaşları “TikTok”dan istifadə etmədikləri üçün internetdəki məşhurluğunu anlamırlar.