Cinsi istismar cinayətlərində mühakimə olunan amerikalı maliyyəçi Ceffri Epşteynin 2019-cu ildə həbsxanada ölümü ilə bağlı yeni və diqqətçəkən iddia irəli sürülüb. Tanınmış məhkəmə eksperti Epşteynin rəsmi açıqlamalarda iddia edildiyi kimi, intihar etmədiyini, əksinə, qətlə yetirildiyini bildirib.
“Qafqazinfo”nun xəbərinə görə, BBC-nin “Newsnight” proqramına açıqlama verən professor Maykl Friman məhkəmə ekspertizasının sənədlərini və fotoşəkillərini nəzərdən keçirdikdən sonra Epşteynin, çox güman ki, arxadan boğulduğu qənaətinə gəldiyini açıqlayıb.
Meyiti şəxsən görməyən, lakin təhlilini mərhumun qardaşı Mark Epşteynin təqdim etdiyi sənədlər və fotolar əsasında aparan Friman tədqiqatının tamamilə müstəqil olduğunu vurğulayıb. Onun sözlərinə görə, Epşteynin sol çiynində dərin qanaxma və üzündə zərbə izləri mövcuddur. Boyundakı izlər arxadan boğulma halına uyğun gəlir və qurbanın ipi boynundan çıxarmağa çalışarkən yaranan dırnaq izləri də nəzərə çarpır.
“Yaralanmalar və cəsədin tapılma şəkli bir-birinə uyğun gəlmir. Yeganə izahat ölümün qətl olmasıdır”, - ekspert qətiyyətlə bildirib.
Xatırladaq ki, 2019-cu il avqustun 10-da Nyu-Yorkdakı Metropoliten İslah Mərkəzində ölü tapılan Epşteynin ölümündən sonra meyitin müayinəsini həyata keçirən baş məhkəmə eksperti Dr. Barbara Sampson əvvəllər belə demişdi: “Epşteynin ölümünün səbəbi və şəkli ilə bağlı gəldiyimiz qənaətin tamamilə arxasındayam”.
Müayinədə iştirak edən patoloqlar da Ədliyyə Nazirliyinə təqdim etdikləri hesabatda xəsarətlərin asılma ilə uyğun gəldiyini, boğulma qurbanlarında müşahidə olunan müdafiə xəsarətlərinin isə mövcud olmadığını bildirmişdilər.
Son xəbərlər
Son Xəbərlər