Aİ Rusiyanın ən varlı qadınına sanksiya tətbiq etdi

ai-rusiyanin-en-varli-qadinina-sanksiya-tetbiq-etdi
Oxunma sayı: 217

Avropa İttifaqı (Aİ) Ukraynaya qarşı davam edən müharibə ilə əlaqədar tətbiq etdiyi yeni sanksiyalar paketi çərçivəsində Rusiyanın ən varlı qadını, nəhəng onlayn pərakəndə satış platforması olan “Wildberries”in təsisçisi Tatyana Kimə qarşı məhdudiyyətlər tətbiq edib.

“Qafqazinfo” “Financial Times” nəşrinə istinadən xəbər verir ki, Aİ-nin rəsmi sənədində “Wildberries”in hərbi və ikili təyinatlı malların satışına şərait yaratmaqla Rusiya ordusu üçün təchizat şəbəkəsi rolunu oynadığı vurğulanıb.

Brüssel Tatyana Kimi Rusiya hökumətini maddi və maliyyə cəhətdən dəstəkləməkdə və bu əməkdaşlıqdan faydalanmaqda ittiham edir.

Qeyd edək ki, bazar ertəsi elan olunan son məhdudiyyətlər paketi ümumilikdə 12 fiziki şəxsi və 100-ə yaxın qurumu, o cümlədən Rusiyanın neft emalı zavodlarını, banklarını və sanksiyalardan yayınmaq üçün istifadə edilən “kölgə donanması”nı hədəf alıb.

Əlavə edək ki, 2004-cü ildə qadın geyimləri mağazası kimi fəaliyyətə başlayan “Wildberries” sonradan Rusiyanın ən böyük vergi ödəyicilərindən birinə çevrilib. Tatyana Kimin hazırda rəhbərlik etdiyi RWB şirkəti (2025-ci ildə “Wildberries” və “Russ Outdoor” reklam qrupunun birləşməsi ilə yaradılıb) Aİ ölkələrində heç bir aktivinin və fəaliyyətinin olmadığını əsas gətirərək, sanksiyaların onların ekosisteminə təsir etməyəcəyini bəyan edib.

Xatırladaq ki, şirkətin birləşmə prosesi 2024-2025-ci illərdə Tatyana Kim ilə keçmiş həyat yoldaşı Vladislav Bakalçuk arasında ciddi qalmaqallara, Çeçenistan lideri Ramzan Kadırovun məsələyə müdaxiləsinə və hətta şirkət ofisində iki nəfərin ölümü ilə nəticələnən silahlı insidentə səbəb olmuşdu. “Forbes”in qiymətləndirməsinə görə, 2026-cı ilin fevralında 8,1 milyard dollar olan Kimin sərvəti bazar geriləməsi və Ukraynanın şirkət anbarlarına endirdiyi PUA zərbələrindən sonra təxminən 5 milyard dollara enib.