Cakomo Puççininin dünya opera sənətinin şah əsərlərindən sayılan “Turandot” operası bu gün Heydər Əliyev Sarayında tamaşaçılara təqdim olunub.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdim etdiyi tamaşa üçgünlük premyera silsiləsinin ilk nümayişi olub.
98 illik fasilədən sonra yenidən Azərbaycan səhnəsinə qayıdan əsər dünya opera irsinin zəngin ənənələrini müasir səhnə təqdimatı ilə bir araya gətirib. Tamaşanı italiyalı dirijor Beatriçe Venezi idarə edib.
Turandot obrazını İtaliya opera səhnəsinin tanınmış sopranosu Karmen Cannattasio, Kalaf partiyasını isə Azərbaycanın Xalq artisti Yusif Eyvazov ifa edib.
Səhnə əsərində Liu obrazında Əməkdar artist Afaq Abbasova, Timur rolunda İqor Yadrov, Pinq rolunda Əməkdar artist Anton Ferştandt, Panq rolunda Fəhmin Əhmədli, Ponq rolunda Əməkdar artist Tural Ağasıyev, İmperator Altoum rolunda Əməkdar artist Əliəhməd İbrahimov, Mandarin rolunda Orxan Cəlilov, Pu-Tin-Pao rolunda isə Rəşad Məmmədov çıxış ediblər. Üç pərdədən ibarət opera qədim Pekində cərəyan edən hadisələrdən bəhs edir. Çin şahzadəsi Turandotla evlənmək istəyən hər bir namizəd onun təqdim etdiyi üç tapmacaya düzgün cavab verməlidir. Uğursuz olanları ölüm gözləyir. Şahzadəni görən Kalaf ona ilk baxışdan aşiq olur və yaxınlarının etirazlarına baxmayaraq, sınağa qatılmağa qərar verir. Üç tapmacanın hamısına düzgün cavab verən Kalaf bu dəfə Turandota öz adını tapmaq üçün şans verir. Əsərin sonunda Liu obrazının sədaqəti və fədakarlığı Turandotun qəlbində dəyişiklik yaradır, şahzadə sevgini qəbul edir. Opera sevginin qələbəsi ilə başa çatır. Puççininin möhtəşəm musiqisi, dramatik süjet xətti və mürəkkəb vokal partiyaları ilə seçilən “Turandot” operasının yenidən Azərbaycan səhnəsində təqdim olunması ölkənin mədəni həyatında əlamətdar hadisədir. Opera sənətində tamaşaçı alqışları ifaçıların sənətinə verilən qiymətin və səhnə ilə zal arasında yaranan emosional bağın ifadəsi hesab olunur.
“Turandot” operasının nümayişləri oktyabrın 25-də və 27-də də davam edəcək. İkinci tamaşada Turandot obrazını Əməkdar artist Fəridə Məmmədova, Kalaf partiyasını isə çilili tenor Dieqo Qodoy ifa edəcək. Həmin nümayiş Fəridə Məmmədovanın 50 illik yubileyinə və səhnə fəaliyyətinin 30 illiyinə həsr olunacaq.
Oktyabrın 27-də keçiriləcək son tamaşada Turandot obrazını Əməkdar artist İlahə Əfəndiyeva, Kalaf obrazını isə Əməkdar artist Fərid Əliyev canlandıracaqlar. Hər üç nümayişin yaradıcı heyətinə quruluşçu rejissor Mikayıl Mikayılov, quruluşçu rəssam Mustafa Mustafayev, icraçı rəssam Əməkdar mədəniyyət işçisi Tehran Babayev, xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu baletmeysterlər – Xalq artisti Mədinə Əliyeva və Əməkdar artist Anar Mikayılov daxildir. Qeyd edək ki, “Turandot” operası Azərbaycanda ilk dəfə Milanın məşhur “La Scala” teatrında keçirilən dünya premyerasından (1926) cəmi iki il sonra, 1928-ci ildə səhnəyə qoyulub. Əsərin bizim üçün xüsusi əhəmiyyəti həm də ondan ibarətdir ki, operanın süjet xətti dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasındakı “Slavyan gözəlinin hekayəti” motivlərinə əsaslanır.
Lamiyə Məmmədova









Son xəbərlər
Son Xəbərlər