“Ac canavar kimi ağız-ağıza yatıblar” – - Müsahibə

ac-canavar-kimi-agiz-agiza-yatiblar-
Oxunma sayı: 3129


Vətəndaş Həmrəyli Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlının “Qafqazinfo”ya müsahibəsi:

- Sabir bəy, seçkiyə 4 aydan da az vaxt qalıb. Bugünkü ictimai-siyası prosesləri necə dəyərləndirirsiniz?

- Hələ ki, ölkədə ciddi bir seçki əhval-ruhiyyəsi duyulmur. Yeni Azərbaycan Partiyası öz namizədini təqdim edib, bununla yanaşı, Mehriban xanımın namizədliyi də irəli sürülüb. Amma onun doğruluğu, yalanlığı bəlli deyil. Bu işdə bir qəbahət olmasa da, namizədliyi irəli sürənlərin özləri bu fikirdən daşınırlar... Digər tərəfdən də Milli Şura öz namizədini açıqladı. Başqa namizədlər də var, amma ciddi bir təbliğat, seçki fəallığı hiss olunmur. 

- Proseslərin bu cür inkişafı nə ilə bağlıdır? Əslində, çoxları düşünürdü ki, bu il gərgin il olacaq. 

- Gərginlik yoxdur və inşallah olmaz. Sakitliyin bir səbəbi yəqin ki, hakimiyyətin öz namizədinin seçiləcəyinə əminliyi ilə bağlıdır. İllər uzunu onlar yanlış olaraq müxalifəti yox sayıblar. Prosesə qatılan başqa qüvvələr də var, ancaq böyük şansları olduğuna inanmırlar. Hər halda, nəzərə almalıyıq ki, seçkiyə çox az vaxt qalıb və bu bir neçə ay ərzində nə isə qeyri-adi hadisənin baş verəcəyini gözləmək doğru deyil. Göydən başqa bir qüvvə enməyəcək. Azərbaycandakı mənzərə göz önündədir. Qısa müddət ərzində cəmiyyətin fikrini dəyişmək də çətindir. Ölkədə ümumi narazılıq var. İndiki durumun dəyişilməsini istəyən qüvvələr çoxdur. Amma istəmək yetərli deyil. Seçki real güc tələb edir. O güc üçün təşkilatlanmaq lazımdır. Hələ ki, real bir təşkilatlanma görünmür. YAP və hakimiyyətin seçki üçün gərəkli qurumları var. Və bunlar təbii ki, indiki prezidentin yenidən seçilməsində ciddi rol oynayacaqlar. Alternativ qüvvələr yalnız indiki iqtidardan narazı olanların kortəbii şəkildə bir araya gələcəklərinə ümid bağlayırlar. Onun da real nəticə verəcəyinə o qədər də inanmıram. Bəlkə də bu fikirlərim kimisə narazı salacaq, amma mən prosesləri şişirtməyin tərəfdarı deyiləm.

- Azərbaycanda seçki zamanı daha çox beynəlxalq güclərin dəstəyi hallandırılır. Beynəlxalq güclər mütləqdirmi?

- Bu, hamımızı düşündürən və narahat edən məsələlərdən biridir. Hakimiyyətin təbliğat mexanizmi qaz, neft sahəsində Azərbaycanın apardığı siyasətin dünya tərəfindən dəstəkləndiyini tez-tez gündəmə gətiririr. Belə bir fikir səsləndirilir ki, Azərbaycan iqtidarı dünyanın böyük güclərinin rəğbətini qazanıb. Həmin fikri dolayı yolla seçkilərlə bağlamağa çalışırlar. Digər tərəfdən, çox təəssüf ki, müxalifət düşərgəsində də ən ciddi təbliğat arqumenti kimi bunabənzər fikirləri ortaya atırlar; elan edilir ki, Milli Şuranın vahid namizədi Amerikada görüşlər keçirib, Avropada və Rusiyada görüşlər keçirəcək... Hər iki tərəfdə bu cəhdlər xüsusi vurğulanır. Amma heç kim bu yazıq milləti yada salmır; heç kim düşünmür ki, ilk növbədə millətin səsini qazanmalıdır. Yəni doğrudanmı Azərbaycanda seçkilər ancaq xarici qüvvələrin rəyindən asılıdır? Düzdür, ölkədə iqtidar dəyişikliyi üçün beynəlxalq dəstək də vacibdir. Amma mən düşünürəm ki, Azərbaycan kimi dövlətdə beynəlxalq dəstəyin hər zaman uğurlu nəticə verəcəyini gözləmək gülüncdür. Çünki bizə hər kəs öz maraqları müstəvisindən baxır. Biz məhz Azərbaycanın milli dəyərlərini, hədəflərini, ideallarını göz önünə alan və bundan ötrü xalqın dəstəyini qazanan qüvvələrin ortaya çıxmasına çalışmalıyıq. Xarici qüvvələrin dəstəyinin bu baxımdan hansı niyyətə xidmət etdiyini görməmək siyasi korluqdur. Yalnız milli qüvvələr Azərbaycana yeni bir hava gətirə bilər. Deyək ki, bu dəfə beynəlxalq güclər indiki prezidentə münasibətini dəyişdi, başqa namizədə meyl etdi, onu dəstəklədi. Amma beynəlxalq dəstəkçilərin Azərbaycana ümumi yanaşması bəllidir. Əgər o indiyə qədər iqtidara dəstək verə-verə milli problemlərimizi həllinə yardım etməyibsə, ikinci bir dəstə ilə münasibət qursa da, bu "ənənə" pozulmayacaq. Bu yollarla ölkənin taleyi dəyişilmir. Bir çox problemlərin həlli yalnız bizim ümummili birliyimizdən və həmrəyliyimizdən asılıdır.

- Xalq indiki durumdan narazı olsa da, təşkilatlanma zəifdir. Bəlkə də elə bunun üçün ümid beynəlxalq güclərə qalır. Sizcə, insanlar niyə fəal deyillər, etiraz edə bilmirlər?

- Vətəndaş Həmrəyliyi Partiyası ciddi bir müxalifət qurumudur. Biz Milli Məclisdə 5 il ərzində davamlı olaraq fikrimizi deyirik. Küçə, meydan sonuncu addımdır. Yəni, mitinqlərə yalnız alternativ variant olmayanda çıxmaq olar. Zaman-zaman mətbuatdan da istifadə edib sözümüzü deyirik. Azərbaycan 1988-ci il havasından xeyli uzaqlaşıb. Hələ müharibə bitməyib, torpaqlarımızın bir hissəsi işğal altındadır. Azərbaycanı zəiflətmək, parçalamaq istəyən qüvvələr də çoxdur və ac canavar kimi ağız-ağıza yatıblar. Bunu bilə-bilə biz daxildə yeni münaqişə ocaqlarının yaranmasına imkan verməməliyik. Amma eyni zamanda, Azərbaycanda demokratik dövlətin qurulmasını da istəyirəm. Çox istəyirəm ki, insanlarımız "bu hakimiyyət quruldu, bunu dəyişmək olmaz, başqa bir qüvvə yoxdur" fikrindən uzaqlaşsın. Normal seçkilər keçirilsin, seçkilərdə millət kimi istəyirsə, onu seçsin və Konstitusiyaya uyğun olaraq hakimiyyətə yeni hava, yeni qüvvələr gəlsin. Bunu həyata keçirmək üçün seçki bitəndən dərhal sonra uduzan qüvvələr bir araya gəlməlidirlər. Müəyyənləşdirməlidirlər ki, növbəti 5 ildə nə iş görsələr xalqın etimadını qazana bilərlər. Bu zaman gördüyümüz işlərlə, ortaya qoyduğumuz mövqe ilə həm də beynəlxalq dəstəyi qazanarıq. Dünya görər ki, Azərbaycanda indiki iqtidardan başqa, o iqtidardan daha yaxşı çalışa bilən, daha sivil, demokratik idarəçilik modeli təqdim edən alternativ də var. Bundan ötrü seçkilərə 3-4 ay qalmış yox, camaatla illər boyu davamlı görüşmək lazımdır ki, xalqın son illərdə xüsusən müxalifət düşərgəsinə azalan etimadını qaytarmaq mümkün olsun. Biz bunu etməmişik. İndi  seçkiyə az müddət qalanda birləşmək seçkinin taleyinə təsir göstərə bilərmi? Birləşmək əvəzinə təəssüf ki, müxalifət 5 il ərzində iqtidardan daha çox, bir-birini ittihamla, millətin gözündən salmaqla məşğul olur. İndi Milli Şuranın lider kimi təqdim etdiyi Rüstəm İbrahimbəyov haqqında vaxtıkən Milli Şuraya daxil olan qüvvələrin kifayət qədər tənqidi fikirləri çap olunub. Düzdür, bu 5 il ərzində siyasi partiyaların səfirliklərlə, xaricdən gələn qonaqlarla müxtəlif görüşləri olub, zahiri birlik görüntüsü yaradılıb. Amma etiraf etməliyik ki, arxada bir-birini bəyənməyən, sevməyən qüvvələrin zahiri birliyi də inandırıcı deyil. Buna görə də sanki heç bir şey olmamış kimi bir araya gəlmək - etimad qazanmaq və xalqın dəstəyinə arxalanmaq üçün yetərli deyil. 

- Söhbətimizin əvvəlində qeyd etdiniz ki, artıq müəyyən namizədlər var. Sizcə, bu namizədlər içərisində ən şanslı kimdir? Kimin qalıb olmasını istəyərsiniz?

- Bu reallıqda, şübhəsiz ki, əsas təbliğat mexanizmləri, seçkilərin nəticələrinə təsir etmək imkanı daha çox hakimiyyətin əlindədir. Həm seçki komissiyaları elə formalaşdırılıb, həm də ölkədəki mövcud şərait hakimiyyətin şanslı olduğunu göstərir. Millətin arasında dəyişikliyi istəyən qüvvələr çox olsa da, onların prosesə yanaşması da çox fərqlidir. Bəziləri düşünür ki, daha yaxşı variant adına hakimiyyətə qeyri-müəyyən, yaxşılığı-pisliyi bəlli olmayan qüvvə gələcəksə, o zaman elə indiki hakimiyyət qalsın. Qonşu İslam ölkələrində gedən proseslər bu düşüncələri bir az da gücləndirir. Bizim kimi gənc dövlətlərdə xalq ağır şəraitdə yaşasa da, xaosa sürüklənməyi də qəbul etmir. Buna görə də biz ötən illər ərzində ciddi çalışaraq təqdim edəcəyimiz variantın indikindən daha yaxşı ola biləcəyini camaata inandırmalı idik.

- Demək olar ki, aksiyalar da keçirilmir. Bu, ya onunla bağlıdır ki, fəalların həbsi müqavimət gücünü zəiflətdi, ya da geridə qalan qüvvələr iqtidarın tətbiq etdiyi cəzalardan qorxmağa başladılar. Sizcə, seçkiöncəsi aksiyalar yenidən başlaya bilərmi?

- Mənə elə gəlir ki, seçki ərəfəsində hər halda fəallıq artacaq. 

- Bəs bu nə dərəcədə effektli ola bilər?

- Effekti olacaq, ya olmayacaq - bunu bilmirəm, amma hər halda mən son dövrlərdə keçirilən yürüşlərdə cavanların, siyasi fəalların, fikrini deyən adamların həbsini qətiyyətlə pisləyirəm. Ölkədə hər kəs mövqeyini ifadə etməkdə sərbəst olmalıdır. Onları həbs etməklə ölkədəki vəziyyət haqqında fikri dəyişmək olmaz, əksinə, cəmiyyət daha da radikallaşar. Mənə elə gəlir ki, aksiyaların keçirilməsi üçün şərait yaradılmalıdır, seçicilərə böyük meydanlar verilməlidir. Onda qüvvələr nisbəti daha aydın görünəcək. Millətlə öz münasibətini düzgün qurmaq istəyən xalq tərəfindən hansı səviyyədə dəstəkləndiyini görmək istəyən (əgər belə bir istək varsa) iqtidar əslində ondan narazı olan qüvvələr meydanlara çıxmasında da maraqlı olmalıdır. Şübhəsiz, mən xüsusi düşmənçilik niyyəti güdən qüvvələri nəzərdə tutmuram. İqtidar ətrafı adamların pıçıltısı ilə, onların özlərini yaxşı göstərmək üçün verdikləri qiymətdənsə, millətin rəyini öyrənmək lazımdır: televiziyada, radioada, meydanda millətin öz sözünü deməsinə şərait yaradılmalıdır. Bu normal yanaşmadır və güman edirəm ki, biz həmin səviyyəyə çatmalıyıq. Gec-tez belə olmalıdır. Millət istəməydiyi halda hər hansı bir adam və ya qurum hakimiyyətdə qalmağından nə cür zövq ala bilər? Bunlar hamısı aydınlaşmalıdır. Bunu aydınlaşdırmağın müxtəlif mexanizmləri - sorğular, mətbuatdakı açıq çıxışlar, debatlar, dialoqlar, eyni zamanda, kütləvi aksiyalar var. Bu prosesi görməzsən, ört-basdır edərsən, Türkiyədəki kimi gözlənilməz hadisələrlə qarşılaşarsan. Bu da həm dövlət, həm də millət üçün acı nəticələrə gətirib çıxara bilər. Bu mexanizmlər elə qurulmalıdır ki, gözlənilməz faciəli nəticələr olmasın. Yeniliklər həmişə gündəlik həyatımızın məntiqindən doğsun. 

- Gündəm sizi qane edirmi? Seçki ilində medianın gündəmi müğənnilərmi olmalıdır?

- Bu, siyasətdən çox, mədəni səviyyə ilə bağlıdır. Mən səhərlər televiziyanı açıram, bir-birinin ardınca təxminən bir neçə telekanala baxıram. Demək olar ki, hamısında tar, kaman, muğamatla qarşılaşıram. Və bu gözəl muğamlar üstündə oxunan sözlər də bugünkü həyatımızdan təxminən 300-500 il əvvəlin abu-havasını əks etdirir. Bizim millət bu gün “ey sevgili-canan” və ya “nəşeyi-ləli-ləbi-canan” dili ilə danışmır axı? Bunlar hətta Füzuli qəzəli də deyil. Qat-qat zəif olan şairlərin, yazarların əruz vəznində yazılmış şeirlərinə oxunan muğamlardır. Muğam çox dəyərlidir, bizim musiqimizin zirvəsidir. Amma eyni zamanda millətin bugünkü danışıq dili ilə səsləşən musiqi təqdim olunmalıdır. Bu günün musiqisinin birini - “Qaçqınam, köçkünəm, halımı sorma” - mən yazmışdım. Muğamatın özündə də bügünkü hava duyulmalıdır. Axşamlar isə televiziyada meyxana saatı başlayır. Azərbaycanın bu günkü musiqisi meyxana ilə diringilərin arasında qalıb. Xalq mahnıları demək olar ki, undulmaqdadır. Qeyri-peşəkar bəstəkarların bəsit sözlərə yazdığı bəsit musiqilər səhnə və efir məkanını zəbt edib. Televiziyada bu gün Azərbaycanın dərdlərini deyən hər hansı bir şairin və ya söz sahibinin yarım saat millətlə üz-üzə oturub, ciddi sənət və mədəniyyət söhbəti aparmasını və ya şeir oxumasını görməzsiniz. Amma dilimizi korlayan, şeirə, ədəbiyyata, musiqiyə dəxli olmayan, hərcai-mərcai sözlərlə dolu meyxanaya saatlarla efir ayırrılır. O meyxanalarla bu milləti hara aparmaq istəyirlər? Ciddi sənətin artığı, tullantısı olan adamlar bu gün millətin gözünü yağır eləyiblər. Məsələn, Qarabağ mövzusu ilə bağlı ciddi bir veriliş varmı? Televiziyalarımız millətin dərdlərindən bu qədər uzaq olması ilə sənətə dəxli olmayan adamların təbliği üst-üstə gələndə evlərimizə nə qədər böyük əsəb selabı axıtdıqlarını təsəvvür etmək çətin deyil. 

İstəyirəm məni düzgün başa düşəsiniz. Əslində, mən nə əruzun, nə klassik qəzəlin, nə də muğamatın əleyhinəyəm. Əksinə, sevinirəm ki, Mehriban xanım muğamın bu millətə qaytarılmasında və onun heç də arxaikləşmədiyini sübut edərək, çağdaş dünyaya tanıdılmasında böyük rol oynadı. Amma bizdə psixologiya belədir: yuxarıdan nəyə rəğbət göstərilirsə, bütün hər şey kənarda qalır, hamı o işlə məşğul olmağa başlayır - bacaran da, bacarmayan da. Nəticədə yaxşı ilə pisin sərhədləri itir. Halbuki hər kəs öz istedadının səviyyəsi və taleyinin məntiqi ilə ortaya çıxmalıdır. 

- İlk dəfədir Azərbaycada hansısa müğənni məhkəmədə uduzarkən bu qədər böyük təzminat tələb edilir. Bəlkə Nazpəri xanımın bu cür cəzalandırılması İsa Qəmbərin oğlunun toyunda iştirakı ilə bağlıdır?

- Ümumiyyətlə, müğənnilərimiz arasında bu cür xırda dedi-qodular narahatlıq doğurur. Hərəsinin öz yeri var. Əgər istəyirlər ki, camaat arasında hörmətlərini qorusunlar, belə məhkəmə dartışmalarından imtina etməlidirlər. Hesab edirəm ki, bunun bir səbəbi də getdikcə böyük sənətçilərin yerinə cılız, sənətlə ara ifaçılığını bir-birinə qarışdıran adamların gəlməsi ilə bağlıdır.

- Sənətçilərdən danışırıq, bir məsələyə də münasibətinizi öyrənmək istərdim. Bu ölkənin sənətçiləri də iqtidar-müxalifət ayrı-seçkiliyi etməlidir? 

- Bu həm mədəni, həm də siyasi səviyyənin aşağı olmasının əlamətidir. Başqa ölkələrdə belə şey olmaz. Bir sənətçi müxalifətçinin oğlunun və ya qohumunun toyunda iştirak edə bilər. Orada sözünü də deyər, çıxışını da edər. Buna ayrı rəng vermək doğru deyil. Biz Azərbaycanda özümüz üçün zindan həyatı yaratmalı deyilik. Nə olur-olsun, mən burdan köçüb gedən deyiləm. Mən bu yurdun boz sərçəsiyəm, köçəri quş deyiləm. İqtidarın içində sevdiyim adam varsa, o insan kimi mənə doğmadırsa, doğmadır. Mən Heydər Əliyev haqqında da, Elçibəylə də bağlı yazı yazmışam. Biz bütün məişətimizi, toylarımızı, yaslarımızı, bir-birimizlə görüşməyimizi də siyasi düşüncə ayrılıqlarının müstəvisinə çıxarsaq və onunla qiymətləndirsək, onda Azərbaycan nəfər-nəfər parçalanar və milli birlik deyilən nəsə qalmaz. O da millətin faciəsi olar. Ayrı-ayrı qurumların yox, millətin maraqlarını düşünmək lazımdır. 

- Sabir bəy, sizin partiyanın namizədi kim olacaq? Yoxsa hansısa partiyayanın namizədini dəstəkləyəcəksiniz?

- Bildirmişdik ki, öz namizədimiz olacaq. Amma bu o demək deyil ki, mən hökmən öz namizədliyimi irəli sürəcəm. Sonrakı prosesləri həyat özü göstərər. 

Burda başqa bir məsələyə toxunmaq istəyirəm. Bu yaxında Elçibəyin yubileyi idi. Çıxışlarda belə bir təsəvvür yaradılırdı ki, Elçibəyin və onun məsləkdaşlarının azadlıq arzularını həyata keçirmək üçün çalışmaq lazımdır. Amma çıxışların heç birində deyilmədi ki, əslində Elçibəyin arzuları həyata keçmişdir. Elçibəy Azərbaycanı SSRİ-dən qurtarmaq və müstəqil dövlət qurmaq uğrunda cavanlığından meydana atılmış adam idi. Bizim hər birimiz bu yolda çalışırdıq və istədiyimizi də elədik. Biz 1988-ci ildə bir yola başladıq və 1991-ci ildə Azərbaycanın müstəqilliyini qazandıq. Bu cür danışıqlar ömrümüzə həsr etdiyimiz mübarizə prosesini gözdən salmaqdır. Sankı o dönəmlərdə hərəkat olmayıb, mübarizə aparılmayıb, hər şey bundan sonra başlanacaq. Bu yaxın tarixi unutdurmaq və əhəmiyyətini azaltmaqdır. Ona görə, mən hesab edirəm bizim nəsil şərəfli bir dövr yaşadı. Biz Azərbaycana müstəqillik qazandırdıq. İndi də ətrafa baxanda hər şeyi gözdən salmaq olmaz. Hər halda, xeyli işlər görülüb və bu işləri də dəyərləndirmək lazımdır. Mübarizə əbədi bir prosesdir, amma bu heç vaxt əvvəlkini inkar etməyin hesabına olmamalıdır. Bu cür yanaşma düşmənçiliyi, nifaqı aradan qaldırar və bir-birimizə daha sayğılı yanaşarıq.

- Prezidentliyə namizədlər avqustun sonu, sentyabrın əvvəllərinə qədər elan olunmalıdır.

- Həyat göstərir ki, yazıçılardan yan keçmək mümkün deyil. İndi müxalifət bir araya gəlibsə, Rüstəm İbrahimbəyovu müdafiə edirsə, bu, dediklərimi bir daha təsdiqləyir. Rüstəmin Azərbaycan mədəniyyəti tarixində böyük yeri var. Onun namizədliyi Azərbaycan siyasi həyatına yeni bir hava gətirəcək. Buna sevinirəm. Amma eyni şəkildə həmin müxalifət birləşib 25 ildən bəri onlarla bir sırada olan ayrı bir yazıçını da müdafiə edə bilərdilər. Təbii ki, bu, bir zarafatdır, amma düşünməyə yeni mövzu verir.

- Sabir bəy, bu haqda danışmaq istəmirdiniz, amma sizin Milli Şura ilə bağlı fikirləriniz mənim üçün maraqlıdır. Milli Şuraya niyə qoşulmadınız?

- Mən Milli Şurada yox, Milli Məclisdəyəm. 

- Milli Məclisdə olmağınız Milli Şuraya qoşulmağınıza mane olur ki?

- Milli Şura Milli Məclisi yenidən formalaşdırmaq üçündür. Mən isə artıq Milli Məclisdəyəm. Təbii ki, Milli Məclisdən mənim narazılıqlarım var və həmişə deyirəm ki, MM-də yerində olmayan deputat çoxdur. Amma belə bir təsəvvür yaratmaq doğru deyil ki, sanki Azərbaycanda heç nə yoxdu və hər şeyi sıfırdan başlayacağıq. 

- Milli Şurada təmsil olunan şəxslərdən daha çox Əli Kərimli, İsa Qəmbər və Eldar Namazovun görüşü keçirilir. Üçünün görüşünə münasibətiniz? Niyə məhz onlar?

- Mən ora qatılsaydım, o dəstədə olardım. Amma o 3 nəfərin görüşü digər partiyaları qane edirsə, hamı hesab edirsə ki,  bu 3 nəfər onların adından danışa bilər, qoy, danışsınlar. Burada konflikt axtarmağa ehtiyac yoxdur.  

- Partiyanızdan Milli Şuraya qoşulan şəxslərə narazılığınız olmadı?

- Yox, seçkilərdə iştirak edib, amma seçilməyən kifayət qədər səs toplamış üzvlərimiz İctimai Palataya qoşulmuşdular. İndi İctimai Palata ilə birgə gəliblər Milli Şuraya. 

Gülnar Bəşirova