“Adsız qəhrəman” filminin təqdimatı keçirildi - Fotolar

adsiz-qehreman-filminin-teqdimati-kecirildi
Oxunma sayı: 359

Fevralın 22-də Nizami Kino Mərkəzində Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Avrasiya Media Şəbəkəsi tərəfindən hazırlanan “Adsız qəhrəman” sənədli filminin təqdimatı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, film 1992-ci il fevralın 26-da Xocalıda baş vermiş soyqırımı zamanı qəhrəmancasına şəhid olmuş polis əməkdaşı Məzahir Yaqub oğlu Əbilovun həyat və döyüş yolundan bəhs edir.

Tədbiri giriş sözü ilə açan filmin ssenari müəllifi, Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu film haqqında məlumat verib. Onun sözlərinə görə, M.Əbilovun döyüş yolu və qəhrəmanlığı barədə əvvəllər də məlumatları olub, lakin ötən il yeni faktlar əldə ediblər:

“Bizdə itkin şəhidimiz Məzahir Əbilov haqqında məlumat var idi. Onun döyüş yolu və qəhrəmanlığı barədə tez-tez eşidirdik. Ötən il ATV kanalının “Ağdam və mən” verilişinin “Qara qaya” bölümündə yeni məlumatlar əldə etdik. Bu barədə BAMF-ın prezidenti Umud Mirzəyevə məlumat verdim və qərara gəldik ki, Avrasiya Media Şəbəkəsi tərəfindən sənədli film hazırlayaq. Filmin rejissoru Roman Yaşardır. Bu gün həmin filmin təqdimatını keçiririk. Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova və tədbirə qatılan nazirliyin kollektivinə minnətdarlığımızı bildiririk. Eyni zamanda Müdafiə Nazirliyinin və digər dövlət qurumlarının rəhbərlərinə təşəkkür edirik. Hesab edirik ki, belə filmlər davamlı şəkildə çəkilməlidir. Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyev və birinci Vitse-prezident Mehriban Əliyevadan nümunə götürərək şəhidlərimizi daim diqqətdə saxlamalıyıq.

Avrasiya Media Şəbəkəsi bundan əvvəl də Qarabağ və Azərbaycan həqiqətləri ilə bağlı filmlər hazırlayıb. İnşallah, bu işi davam etdirəcəyik”.

Daxili İşlər Nazirliyinin nümayəndəsi, polis polkovniki Mehman Həsənov çıxışında filmin yaradıcı heyətinə təşəkkürünü bildirib. O, şəhid ailələrinə başsağlığı verərək qazilərə şəfa arzulayıb:

“Allah şəhidlərimizə rəhmət eləsin. Həmin illərdə biz laqeyd qala bilməzdik. Ermənistanın torpaq iddialarına qarşı xalqımız liderimizin ətrafında birləşərək sübut etdi ki, bu torpaqlar bizə məxsusdur. Ali Baş Komandanımızın rəhbərliyi ilə aparılan əks-hücum əməliyyatları nəticəsində torpaqlarımız azad olundu. Məzahirin ruhu şad olsun. Şəhidlərimiz və onların ailələri başımızın tacıdır. Filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edirəm”.

BAMF-ın prezidenti Umud Mirzəyev çıxışında bildirib ki, belə filmlərin sayı çox olmalıdır:

“Filmin ssenari müəllifi Rey Kərimoğlu ilə uzun illərdir dostluq münasibətlərimiz var. Bu gün fevralın 22-sidir, bir neçə gün sonra Xocalı soyqırımının ildönümü qeyd olunacaq. Xalqımız son onilliklərdə böyük müsibətlərlə üzləşib. Xocalı ilə yanaşı Qaradağlıda, Cəmillidə də faciələr yaşanıb. Statistikanı sadalamaq istəmirəm, lakin minlərlə insan müharibənin qurbanı olub, minlərlə itkinimiz var. Onların hər birinin ayrı-ayrı qəhrəmanlıq hekayəsi var. Bu filmin yaradıcı heyəti qarşıya qoyduğu məqsədə nail oldu. 2008-ci ildə ölkəmizdə “Xocalıya ədalət” kampaniyası başladı və həmin vaxtdan etibarən başımıza gələn faciələrlə bağlı təqdimatlar keçirildi, filmlər çəkildi. Bu bizim ilk işimiz deyil və qarşıda hələ çox işlər var. Belə filmlərin çəkilməsi üçün vəsaitdən çox ürək lazımdır”.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov çıxışında bildirib:

“Bu günkü tədbir bizi keçmişə qaytardı. Vaxtilə qələmini silaha çevirərək döyüş meydanında sözünü demiş Rey Kərimoğluna və bütün qazilərimizə təşəkkür edirəm. O, bu gün qələmi ilə xalqımızın istəklərini filmdə əks etdirib. Prezident İlham Əliyevin "Heç kimin əməyi yerdə qalmayacaq" fikri bu gün bir daha təsdiqini tapır. Belə filmlər çox çəkiləcək. Çünki Qarabağın hər qarış torpağında igidlər uyuyur və dövlətin xüsusi diqqəti nəticəsində onların qəhrəmanlığına qiymət verilir”.

Polad Həşimovun həyat yoldaşı Ofeliya Həşimova çıxışında xalqımızın həmrəyliyindən danışıb:

“Biz bu həmrəyliyi 44 günlük Vətən müharibəsində də gördük. Bu, böyük bir xalqın birliyinin göstəricisidir. Belə bir ekran işinin çəkilməsinə görə təşəkkür edirəm. Qürurluyuq və hər gün daha çox fəxr edirik. Dövlətə sahib olmaq, bir olmaq, ərazi bütövlüyünü qorumaq böyük xoşbəxtlikdir. Bizim mübarizəmiz də bu istiqamətdə idi. Zəfərimiz daim olsun və hər zaman qeyd edilsin. Ən dəyərli ədəbiyyat və sənət nümunələri şəhidlərimizə həsr olunan əsərlərdir”.

Ehtiyatda olan polis zabiti Xəqani Sadıqov çıxışında deyib:

“Bu faciəli gecəni yaşamış biri kimi danışmaq çox çətindir. Məzahir Əbilov öz canını Vətən uğrunda qurban verdi. O, təkcə özünü deyil, bütün Azərbaycan polisini təmsil edirdi. Qəhrəmanlığı ilə Azərbaycan polisinin simvoluna çevrildi və şəhidlik zirvəsinə ucaldı. Filmi ərsəyə gətirən hər kəsə öz adımdan və el-obam adından təşəkkür edirəm”.

Şəhidin ailəsi adından bacısı Mehriban Axundova çıxış edərək filmin hazırlanmasında əməyi olanlara minnətdarlığını bildirib və Məzahirin hər zaman nümunəvi davranışı ilə seçildiyini vurğulayıb:

“Məzahir Əbilov itkin şəhid olduğu üçün nə məzarı, nə də ziyarət olunan yeri var. O, özü bizim üçün bir acıdır. Qüruru nə qədər çox olsa da, acısı da bir o qədər çoxdur. Onu 34 ildir ki, mələklər ziyarət edir”.

Tədbirdə Milli Qəhrəmanlar, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, millət vəkilləri, qəhrəmanın döyüş yoldaşları, yaxınları və həmkəndliləri iştirak ediblər.

Qeyd edək ki, Əbilov Məzahir Yaqub oğlu 1969-cu il yanvarın 29-da (sənəddə martın 29-u göstərilib) Ağdam rayonunun Muğanlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1987–1989-cu illərdə Sovet Ordusunda hərbi xidmət keçib. 1990-cı ildə Vətənə sevgisi və düşmənə nifrəti onu Xocalıya aparıb. Burada milis əməkdaşı kimi fəaliyyətə başlayıb. Silahdaşları ilə birlikdə “Bozdağ”, “Həsənabad”, “Daşbulaq”, “Mehdikənd” və digər əməliyyatlarda iştirak edib. 1992-ci ildə ermənilərin Xocalıda törətdikləri vəhşiliklər zamanı soydaşlarımızı xilas edərkən itkin düşüb.