Azərbaycan Dövlət İmtahan Mərkəzi bu il maraqlı və düşündürücü hesabat hazırlamışdı. Hesabatdan məlum olur ki, orta statistik abituriyent riyaziyyat üzrə testlərin təxminən 29–34 faizini, fizika üzrə 34–36 faizini, kimya üzrə 30–32 faizini, informatika üzrə 34–38 faizini, tarix üzrə 24–29 faizini, coğrafiya üzrə 23–26 faizini düzgün cavablandırıb.
Bəli, kədərlidir, amma düşündürücü reallıqdır. Bu data bizə imkan verir ki, ictimai orqanizmimizin ağrıyan nöqtələrini dəqiq görək, bilək.
Riyaziyyatı yaxşı bilməmək - gedəcəyimiz yolu, hədəflərə qədər məsafələri, maneələri yaxşı hesablaya bilməmək deməkdir.
Reallığı düzgün hesablamadan reallıqla hesablaşa bilməzsən. Reallıqla hesablaşmasan, yeni reallıqları necə yarada bilərsən?!
Yaşayıb keçdiyin tarixi, hələ də yaşadığın coğrafiyanı bilməsən, hara, necə, niyə gedəcəyini də bilməzsən axı.
Baxın, Azərbaycan yerləşdiyi fiziki və siyasi coğrafiyanın üstünlükləri üzərində “uzaqvuran” geostrategiyalar qurub. “Əsrin kontraktı”, enerji və kommunikasiya dəhlizləri və sair.
Coğrafiya qədərindir, ancaq qədərin o coğrafiyanı bildiyin qədər sənin öz əlindədir.
Ümumidən xüsusiyə gəlirik.
Budur, ev təsərrüfatlarının etibarlı (etimada layiq, istinada yararlı) uçotu ilə bağlı dövlət qərarı var. Buna skeptik yanaşanlar da az deyil; “toyuqların yumurtalarını da sayacaqlar” deyə ironik üslubda şərh edirlər. Ancaq məsələ ondadır ki, bir problemi həll etmək üçün həmin problem haqqında dəqiq informasiya gərəkdir, çılğın emosiya deyil. “Problemdən isə emosiyanı çıxaranda ortada, sadəcə, qərar qalacaq” deyir müdrik adamlar. İroniya - əyləncəyə yaraşır, sağlam düşüncə isə rasional hesablama, gerçəklərlə hesablaşma işidir.
Həkim də xəstəliyin müalicəsinə hərtərəfli və dəqiq tibbi diaqnostikadan sonra başlayır, doğrudurmu?!
Mən bu məsələyə cəmiyyətin cavan kəsiminin pəncərəsindən baxmağa çalışacam.
Biz yaşadığımızı yaşadıq, bizdən sonrakılara daha yaxşı həyat yaşatmaq üçün düşünüb-daşınmaq, çalışıb-çabalamaq lazım gəlir.
Dövlət - ata obrazıdır. Ata öz ailəsində nəyin, necə olduğunu, nəyin çatışdığını, nəyin çatışmadığını bilməyə borcludur, elə deyil?! Öz övladlarının gələcəyini düşünməlidir, yoxsa, yox?!
Bunlar, əlbəttə, cavablarını özlərində daşıyan suallardır.
...Sovet dövründə qəzetlərdən birində yazılırdı: “İqtisadiyyat - toxların acları təsəvvür etməsi üzərində qurulub”.
Bu da, əslində, ironik tərzdi, amma gerçəkdi: bir yumoristin dediyi kimi: “adamların necə yaşadığı dövlət sirri, nə ilə yaşadığı isə kommersiya sirri” sayılırdı. Ancaq indi Sovet rejimi yoxdur axı: müstəqil dövlətik. Biz kimik, necəyik, neçə nəfərik, necə yaşayırıq, nə ilə dolanırıq - bunları dövlət bilmək istəyir.
Axı özümüz çətinə düşəndə deyirik: “Toxun acdan xəbəri yoxdur”. İndi hər kəs bir-birindən -bir nəfərin hamıdan və əksinə - xəbər tutacaq. Bu informasiyalar hamı üçün əlçatan olacaq.
Dövlətin gənclər siyasəti var, məsələn, doğrudurmu?! Bəli, var. Bu, sadəcə, gəlişi gözəl ifadə deyil axı. Abstrakt anlayış deyil. Hər ailədə gənc yaşlarda nə qədər fərd var, onların maraqları nədir, ehtiyacları nəyədir, bunları bilmədən hansı gənclər siyasətindən danışmaq olar?!
Məsələn, 2026-cı ilin əvvəlinə olan məlumatdan bildiyimiz budur: ölkədə 14-29 yaş arasında olan əhali qrupunun sayı 2 milyon 318 min 300 nəfərdir. Yaxud rəsmi statistikada 91 min 259 gənc ailə görünür. Ancaq bu məlumatlar 2019-cu ildə keçirilmiş siyahıyaalmanın nəticələrinə əsaslanır. Hardan baxsan, 7 il əvvəlin məlumatıdır. O məlumatlar toplanarkın, emal edilərkən 7 yaşı olan uşaqlar indi 14 yaşlı yeniyetmələrdir. Yeddi il əvvəlin rəqəmlərinə əsaslanaraq, bu gün dəqiq və adil qərarlar verə bilərmi dövlət?! Təbii ki, yox. Üstəlik bunlar, sadəcə, statistikadır; necə deyərlər, quru rəqəmlərdir. Gerçək həyat lövhələrini - canlı demoqrafik dinamikanı əks etdirmir axı bu quru statistika. Qurunun oduna yaşı yandırmaq təhlükəsi var
Cəmiyyət statik deyil, dinamik orqanizmdir. Hətta məğzində dramatizm də var. Çəhrayı melodramlardan ailə dramlarına qədər gündəlik (bəzən hətta gündəmlik!) yaşantılardan söhbət gedir. Evsizləri var bu ölkənin, işsizləri var, pulsuz-parasızları, köməksizləri, ümidsizləri var, əlbət.
Dövlət gənclərə, gənc ailələrə, gənclərin ailələrinə dəstək üçün müxtəlif proqramlar qəbul edir. Bu proqramlar dəqiq informativ bazaya, dolğun data analitikaya istinad etməsə, onun yerinə yetirilməsi necə effektiv ola bilər?!
Bir yazımda da yazmışdım: “Nə acların qarnı doyur, nə toxların gözü: bu dünya aclarla acgözlərin qarşıdurma meydanıdır”.
Bu, əlbəttə, obrazlı - metaforik təsvir cəhdidir. Dövlət, yenə də obrazlı desək, acları acgözlərdən ayırmaq - doğrunu yanlışdan arındırmaq istəyir. Real mənzərə daha ünvanlı və məqsədli dəstək göstərilməsinə imkan verər.
Bilirsiniz, dövlət gənclərə, gənc ailələrə bir neçə istiqamətdə və müxtəlif formalarda dəstək paketləri qəbul edib. Dövlətin gənclər siyasəti çərçivəsində xaricdə təhsildən tutmuş sahibkarlıq təşəbbüslərinə qədər, istimai iştirakçılıq qrantlarından tutmuş sosial müdafiə ayırmalarına qədər, gənclərin könüllülük hərəkatına cəlb olunmasından tutmuş məşğulluq proqramlarına, gənclərin, gənc ailələrin mənzil təminatına qədər fərqli formatlarda xərcləmələr var.
Mənzil təminatı demişkən, təkcə elə 2025-ci ildə ölkədə ipoteka kreditlərinin 67 faizi gənclərə və gənc ailələrə verilib. Dövlət büdcəsindən gənclər siyasətinin icrası üçün ayrılmış vəsaitlərin dinamikası da təəssürat yaradır. Əgər 2025-ci ildə bu məqsədlə dövlət büdcəsindən 11,71 milyon manat vəsait ayrılmışdısa, 2026-cı ildə həmin xərc proqnozu 18,27 milyon manat olmuşdu. Cari il isə hələ başa çatmayıb; bu proqnozun icra vəziyyəti ilin yekunlarında bəlli olacaq.
Mən oxucularımızı rəqəmlərlə çox yormaq da istəmirəm. Bu məlumatları isə ona görə bölüşdüm ki, gənclərlə bağlı qərarların qəbul edilməsində uçot dəqiqliyinin əhəmiyyəti haqqında təsəvvür yaransın. Həm də təkcə təsəvvür deyil, təsvir etmək mümkün olsun deyə...
Məşhur esseist, yazıçı Alen Boske deyirdi: “Mən vergüləm, amma, bax, gör, hansı mətndə...”
Bu obrazlı fraza da hər kəsi dəqiq bilmək, cəmiyyətdəki yerini və rolunu anlamaq baxımınan maraqlıdır, elə deyilmi?!
Ölkədən “beyin axını”, əmək resurslarının axını, kapital axını, yaradıcı zəkanın axını və sair haqda ara-sıra yazılır, deyilir. Bilirsiniz ki, bu cür axınlar hər ölkə üçün çox ciddi itkilər sayılır. Ancaq təkcə intellektual, fiziki və yaradıcı resursların itkisindən söhbət getmir. Bunlarla birlikdə ölkədən... sevən ürəklər də gedir, bunu da dəfələrlə demişəm. Həm də sözün bütün mənalarında sevən ürəklərin axıb getməsindən danışıram. Vətən sevgisi bir ayrı. Əsas məsələlərdən biri reproduktiv resursların - demoqrafik dinamika imkanlarının axınıdır. Bu faktor ölkədə yeni qurulan ailələrin sayına, yeni doğulan körpələrin statistikasına, bir sözlə, əhali artımına mənfi təsir edir. Dövlət milli genetik ehtiyatların, demoqrafik artım potensialının ölkədə qalması, fiziki, və intellektual, eləcə də, kreativ resursların qorunub saxlanması üçün dəqiq uçota və səhih statistik bazaya ehtiyac duyur. Dövlət dəstəyini, necə deyərlər, “nöqtə atışı” rejimində ehtiyac duyulan ünvana göndərmək məqsədi güdür. Beləliklə, ev təsərrüfatlarının bu cür miqyaslı və detallı monitorinqi ciddi dövlət prosedurudur.
Bu qədər sadə və dəqiq!
Bahəddin Həzi