Ağ Evin Kommunikasiya direktoru Stiven Çun Xerson vilayətinin Oleşki şəhərində əldə olunan lokal atəşkəs razılaşmasını Ukrayna münaqişəsinin tənzimlənməsi istiqamətində vacib irəliləyiş kimi qiymətləndirib.
“Qafqazinfo” xəbər verir ki, Ağ Ev rəsmisi bu barədə “X” hesabında paylaşım edib.
“Bu, sülhə doğru atılmış mühüm və müsbət bir addımdır”, – deyə Çun vurğulayıb.
Xatırladaq ki, Ağ Ev Rusiya və Ukraynanın ABŞ-nin Birinci xanımı Melaniya Trampın vasitəçiliyi ilə Alyoşki şəhərinə humanitar yardımın çatdırılması və sakinlərin təxliyəsi üçün “sükut rejimi”nin tətbiq olunmasına razılıq verdiyini açıqlayıb. Kiyev tərəfi də bu razılaşmanın əldə olunduğunu təsdiqləyib.
Atəşkəsin tarixi ilə bağlı tərəflərin bəyanatlarına gəlincə, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Xerson istiqamətində humanitar əməliyyatların oktyabrın 27-dən etibarən start götürəcəyini bildirib. Məlumata görə, lokal müstəvidə tam atəşkəs rejimi isə oktyabrın 29-da qüvvəyə minəcək.
Bununla yanaşı, Rusiya Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkil Mariya Lvova-Belova Xerson vilayətinin uşaq ombudsmanı İrina Kravçenko ilə birlikdə Oleşkidən olan uşaqlara lazımi tibbi yardımın göstərilməsini təmin edəcəklərini bəyan edib.
Son xəbərlər
Son Xəbərlər