Xankəndi şəhərində “SOCGOV 2026 - Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda keçirilən beynəlxalq forum çərçivəsində “AI4DOST Sosial Mükafatı 2026” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.
Bildirilib ki, əvvəlcə qonaqlar üçün interaktiv mədəni və innovativ təcrübə yaratmaq üçün şəbəkələşmə tədbiri və milli irs üzrə ustad dərsləri təşkil edilib və Qarabağda, o cümlədən Xankəndidə aparılan böyük bərpa-quruculuq prosesini əks etdirən vizual intro təqdim olunub.
Tədbirin açılışında əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev DOST Agentliyinin süni intellekt həlli olan SAİDA (Social Artificial Intelligence DOST Agency) tərəfindən hazırlanmış simvolik xalçanı Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Işıkhana təqdim edib.
“AI4DOST Sosial Mükafatı 2026” müsabiqəsinin beynəlxalq və yerli ekspertlərdən ibarət münsiflər heyəti səhnəyə dəvət olunub. Müsabiqəyə təqdim edilən layihələrin obyektiv qiymətləndirilərək finalçı və qaliblərin müəyyən edilməsində göstərdikləri dəstəyə görə onlara Təşəkkür Sertifikatı verilib.
Sosial sahədə qabaqcıl təcrübələrin, innovativ həllərin və sosial təsiri yüksək olan təşəbbüslərin müəyyən edilərək geniş miqyasda tanıdılması və təbliği məqsədi daşıyan müsabiqənin finalçılarına müvafiq sertifikatlar verilib. Daha sonra müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib.
Müsabiqə beynəlxalq səviyyədə 4 kateqoriya (“Sosial sahədə süni intellekt əsaslı rəqəmsal həllər”, “Sosial könüllülük və vətəndaş təşəbbüsləri”, “Sosial sahənin inkişafına elmi töhfə” və “Regional sosial təşəbbüs”) və yerli səviyyədə 3 fərdi nominasiya (“İlin gənc sosial innovatoru”, “Sosial transformasiya lideri/təşəbbüskarı”, “Sosial sahənin inkişafına davamlı töhfəyə görə”) üzrə keçirilib.
Müsabiqəyə 84 layihə (o cümlədən qeyd edilən kateqoriyalar üzrə Ukrayna, Yunanıstan, Özbəkistan, Rusiya və digər ölkələrdən 32, fərdi nominasiyalar üzə 52 layihə) təqdim olunub.
Münsiflər tərəfindən qiymətləndirmələr aparılıb və 20 layihə finala çıxıb.
Onlardan qeyd edilən kateqoriya və fərdi nominasiyanın hər biri üzrə 1 layihə olmaqla 7 qalib müəyyən edilib:
- Yunanıstanın Elektron Milli Sosial Təminat Fondunun (e-EFKA) “Sosial təminat üçün süni intellekt: Yunanıstanın milli sığorta tarixçəsinin rəqəmsal transformasiyası” layihəsi (“Sosial sahədə süni intellekt əsaslı rəqəmsal həllər” kateqoriyası üzrə);
- Özbəkistan Prezidenti yanında Sosial Müdafiə üzrə Milli Agentliyin “İnson” mərkəzləri və yerli icma səviyyəsində peşəkar sosial iş” layihəsi (“Regional sosial təşəbbüs” kateqoriyası üzrə);
- Azərbaycanın “Birgə və Sağlam” İctimai Birliyinin “Dəstəkləyici Məşğulluq Modeli” layihəsi (“Sosial könüllülük və vətəndaş təşəbbüsləri” kateqoriyası üzrə);
- Özbəkistanın Gənclərin Problemlərinin Öyrənilməsi və Perspektiv Kadrların Hazırlanması İnstitutunun “Gənc dövlət qulluqçuları və gələcək liderlər üçün Liderliyin İnkişafı Proqramı" layihəsi (“Sosial sahənin inkişafına elmi töhfə” kateqoriyası üzrə);
- Azərbaycanın “MinVolt” şirkətinin eyniadlı layihəsi (Ayaz Ələsgərov, “İlin gənc sosial innovatoru” fərdi nominasiyası üzrə);
- ADA Universiteti və “MegaSec” Süni İntellekt Laboratoriyasının dəstəyi ilə hazırlanmış “FakeDetectors - İctimaiyyətin dezinformasiyadan qorunması üçün süni intellekt əsaslı dipfeyk aşkarlama platforması” (Abbas Əliyev, “Sosial transformasiya lideri/təşəbbüskarı” fərdi nominasiyası üzrə);
- Simurq Liseyinin direktoru Turab Əhmədovun “Parent School” layihəsi (“Sosial sahənin inkişafına davamlı töhfəyə görə” fərdi nominasiyası üzrə).
Tədbirdə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışının 5 illiyi münasibətilə Mərkəzə Təşəkkür Sertifikatı təqdim edilib.
Mükafatlandırma mərasimi Mərkəzin təlimçi və benefisiarların ifaları ilə yekunlaşıb.














