Arayik və daha 4 separatçı ömürlük məhkum edildi - Digərlərinə 19-20 il həbs!

arayik-ve-daha-4-separatci-omurluk-mehkum-edildi
Oxunma sayı: 5439

Xəbər verdiyimiz kimi, Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunur.

“Qafqazinfo”nun məlumatına görə, hökmə əsasən təqsirləndirilən Arayik Harutyunyan qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan, David Babayan da qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Dövlət ittihamını müdafiə edən prokurorlar da təqsirləndirilən şəxslərin ömürlük azadlıqdan məhrum edilməsini təklif etmişdi.

***

Arkadi Qukasyan, Bako Sahakyan və Madat Babayan da verilmiş ittihamlarda təqsirli bilinib. Qukasyanla Sahakyan ayrılıqda 20, Babayan isə 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi hökmün oxunması ilə davam etdirilir.