“Azərbaycanla qardaşlığın pozulması Türk Dövlətləri Təşkilatının çökməsi deməkdir” - Video

azerbaycanla-qardasligin-pozulmasi-turk-dovletleri-teskilatinin-cokmesi-demekdir
Oxunma sayı: 643

“Azərbaycanla qardaşlığın pozulması Türk Dövlətləri Təşkilatının çökməsi, Şimali Kiprə dəstəyin tamamilə yox olması deməkdir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Hərbi Dəniz Qüvvələrinin keçmiş qərargah rəisi, təqaüddə olan kontr-admiral, hərbi ekspert Cihat Yaycı ölkəsinin yerli mediasına müsahibəsində danışıb. 

C.Yaycı oktyabrın sonu Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının sammitində Macarıstandan nümayəndənin iştirak etməməsinə diqqət çəkib və bunun Azərbaycanla Türkiyə arasında yaşanan gərginliklə əlaqəli olduğunu iddia edib.

Onun sözlərinə görə, vəziyyət Türk Dövlətləri Təşkilatının silinməsinə doğru gedir. Yaycı bildirib ki, Türkiyənin Türküstanda nüfuzu yox ola, Orta Asiya birliyi qurula, Türkiyə isə oradan kənarda qala bilər: “Şimali Kipri tək dəstəkləyən, Bakı qalasına Şimali Kipr bayrağı asıb, bir həftə boyunca Şimali Kipr mədəniyyət həftəsi təşkil edən Azərbaycanı biz unudacayıq?”

Yaycı həmçinin qeyd edib ki, Fələstin lideri Mahmud Abbasın bu il oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin 103-cü ildönümündə Cənubi Kiprə səfər etməsi Türkiyəyə ünvanlanmış mesajdır.

O, Cənubi Kiprin İsrailin ən böyük dəstəkçisi olduğunu deyərək Mahmud Abbasın Şimali Kipri nəzərə almadan Cənubi Kiprə səfər etməsini tənqid edib:

“Şimali Kipr Türk Cümhuriyyətini yox sayaraq, Cənubi Kiprə səfər edərək Türkiyənin işğalçı olduğu fikrini birbaşa və ya dolayı yolla deyənlərə niyə reaksiya vermirsiniz, amma Azərbaycana qarşı tənqidi mövqe sərgiləyirsiniz?”.