İranda Hellouin qalmaqalı - Obyektlər bağlandı, saxlanılanlar var - Video

iranda-hellouin-qalmaqali
Oxunma sayı: 838

İranda hakimiyyətin “Qərb mədəniyyətinin zərərli təsiri” kimi qiymətləndirdiyi və qadağan etdiyi Hellouin şənlikləri gənclərin iştirakı ilə yenidən gündəmə gəlib. Qadağalara baxmayaraq küçələrə çıxan və müxtəlif kostyumlar geyinərək əylənən gənclərə təhlükəsizlik qüvvələri sərt müdaxilə edib.

“Qafqazinfo” xəbər verir ki, paytaxt Tehranın İranşəhr küçəsində - Rəssamlar Parkının yaxınlığında toplaşan gənclər polis və İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı “Bəsic” qüvvələrinin müdaxiləsi ilə üzləşiblər.

Hadisə şahidlərinin bildirdiyinə görə, ərazini mühasirəyə alan mülki geyimli təhlükəsizlik əməkdaşları və polis izdihamı zorakılıqla dağıdıb. Əylənən gənclərdən bəzilərinin döyüldüyü və saxlanıldığı, ətrafdakı kafelərin isə fəaliyyətinin dayandırıldığı bildirilir. Saxlanılan şəxslərin dəqiq sayı barədə rəsmi açıqlama verilməyib.

Sərt tədbirlər yalnız paytaxtla məhdudlaşmayıb. İranın Qəzvin əyalətində polis Hellouin tədbirləri ilə əlaqəli 19 müəssisənin möhürləndiyini elan edib. Oxşar hallar Yəzd və Ərdəhan şəhərlərində də qeydə alınıb, bu şəhərlərdə də bir neçə tədbir məkanı bağlanıb, təşkilatçılar dindirilmək üçün polisə çağırılıb.

Rəsmi qurumlar bu addımları ölkənin dini, mədəni və sosial dəyərlərini qorumaq məqsədi ilə izah etsələr də, qoyulan kəskin məhdudiyyətlər yerli mətbuatda və ictimaiyyət arasında narazılıq və tənqidlərə səbəb olub.