Braziliyada keçirilən prezident seçkilərinin ikinci turunda solçu dövlət başçısı Luis İnasio Lula da Silvaya məğlub olan sağçı namizəd Flavio Bolsonaronun ölkəni tərk etməsi böyük skandala yol açıb.
“Qafqazinfo” xəbər verir ki, korrupsiya və vergidən yayınma ittihamları ilə istintaq altında olan Bolsonaronun Argentina üzərindən ABŞ-yə qaçması iki ölkə arasında diplomatik gərginliyi daha da kəskinləşdirib.
Argentina immiqrasiya idarəsinin məlumatına görə, Flavio Bolsonaro çərşənbə axşamı quru yolu ilə ölkəyə daxil olduqdan cəmi 40 dəqiqə sonra Puerto İkuasuda şəxsi təyyarəyə minib. Ailəsi ilə birlikdə Ekvador üzərindən ABŞ-nin Mayami şəhərinə uçan milyarderin özəl təyyarə xərcinin vasitəçi tərəfindən ABŞ bank hesabı üzərindən ödənildiyi bildirilir.
Hadisədən sonra Braziliya Xarici İşlər Nazirliyi Argentinanın diplomatik nümayəndəsini çağıraraq səfərin təfərrüatı ilə bağlı rəsmi izahat tələb edib.
Pasportunu təhvil verməli olan və seçki məğlubiyyətindən sonra parlament toxunulmazlığını itirmək təhlükəsi ilə üzləşən Bolsonaro Floridaya çatdıqdan sonra özünü Braziliyanın lideri elan edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın dəstəklədiyi sağçı namizəd birinci turda öndə olsa da, həlledici mərhələdə Lula da Silvaya uduzub.
İyul ayından bəri Argentina Prezidenti Xavyer Mileyin Lula da Silvanı “oğru” adlandırmasından sonra iki ölkə arasında diplomatik əlaqələr onsuz da aşağı səviyyəyə endirilmişdi. Bolsonaronun bu addımı Buenos Ayres və Braziliya arasındakı böhranı daha da dərinləşdirib.
Son xəbərlər
Son Xəbərlər