Memarlıq abidəsinin tarixi qapısını şüşə ilə əvəzlədilər - Foto

memarliq-abidesinin-tarixi-qapisini-suse-ile-evezlediler
Oxunma sayı: 522

Dünən Üzeyir Hacıbəyov küçəsi 9 ünvanında yerləşən memarlıq abidəsinin (№ 3426 Siyahıda) tarixi qapısı sökülərək şüşə konstruksiya ilə əvəz edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə memar Elçin Əliyev sosial şəbəkə hesabında paylaşım edib.

“Şəhərin düz mərkəzində baş verən belə bir vandalizmi görməmək, demək olar ki, mümkün deyil. Son bir il ərzində tariximizi şüşə ilə əvəz etmək üçün artıq ikinci cəhddir! Odur ki, birbaşa obyektin sahiblərinə müraciət edirəm: özünüzü biabır etməyin və tarixi qapını öz qanuni yerinə qaytarın!”, - o bildirib.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, sözügedən memarlıq abidəsinə baxış keçirilib və qanunsuz müdaxilə aşkarlanıb: “Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi 9 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinə baxış keçirilərkən binanın birinci mərtəbəsində qanunsuz müdaxiləyə yol verildiyi, giriş qapısının sökülərək şüşə konstruksiya ilə əvəz edildiyi müəyyən olunub. 

Hazırda müdaxilə faktı ilə bağlı araşdırma aparılır və qanunvericiliyə uyğun tədbirlər görülür. Eyni zamanda, abidəyə dəymiş ziyanın ödənilməsi və onun ilkin görkəminə qaytarılması istiqamətində işlər davam etdirilir.

Bir daha bütün vətəndaşları, o cümlədən tarix və mədəniyyət abidələrinin mülkiyyətçiləri və istifadəçilərini mədəni irsimizə həssas yanaşmağa, abidələrin qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə riayət edilməsinə çağırırıq. Tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin konstitusion borcudur”.

Lamiyə Məmmədova