“Arvadına salamlarımı çatdırın” - Şahzadə Harriyə ironik cavab - Video

arvadina-salamlarimi-catdirin
Oxunma sayı: 566

ABŞ Prezidenti Donald Tramp Sasseks hersoqu Şahzadə Harrinin Ukraynadakı çıxışa cavab verərkən onun həyat yoldaşı Meqan Markla dair qeyri-rəsmi və ironik şərhi ilə diqqət çəkib.

“Qafqazinfo” xəbər verir ki, Şahzadə Harri Kiyevdə keçirilən Təhlükəsizlik Forumunda çıxış edərək, Rusiyanın Ukraynaya hücumları fonunda Amerika rəhbərliyini addım atmağa çağırıb.

O, ABŞ-nin beynəlxalq təhlükəsizlikdə xüsusi rolunu vurğulayıb və Vaşinqtonun öhdəliklərinə sadiq qalmasının vacibliyini qeyd edib.

Harrinin çıxışından sonra Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Donald Tramp əvvəlcə mövzudan yayınaraq, Sasseks hersoqunun ailəsinə toxunub.

“Şahzadə Harri? Necədir? Həyat yoldaşı necədir? Zəhmət olmasa, arvadına salamlarımı çatdırın”, – deyə Tramp bildirib.

Daha sonra o, Harrinin açıqlamalarına münasibət bildirərək, onun Böyük Britaniya adından danışmadığını vurğulayıb: “Bir şeyi dəqiq bilirəm: Şahzadə Harri Böyük Britaniya adından danışmır. Düşünürəm ki, mən ondan daha çox danışaram”.

Qeyd edək ki, Tramp və Sasseks ailəsi arasında münasibətlər əvvəllər də gərgin olub. O, 2019-cu ildə Meqan Marklı “iyrənc” adlandırması ilə bağlı açıqlamaları ilə gündəmə gəlmiş, daha sonra isə həmin sözləri dediyini təkzib etmişdi. Tramp həmin dövrdə “The Sun” qəzetinə verdiyi müsahibədə 2016-cı il prezident seçkiləri zamanı Meqanın onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirmişdi. O vaxt “Suits” serialının aktrisası olan Meqan Markl seçki kampaniyası dövründə verdiyi müsahibədə Trampı “qadınlara nifrət edən” və “cəmiyyəti bölən şəxs” kimi xarakterizə etmişdi. Tramp isə buna cavab olaraq “Bunu bilmirdim” deyərək əlavə etmişdi: “Xeyr, onun iyrənc olduğunu bilmirdim”.

Əlavə edək ki, Şahzadə Harrinin çıxışı Böyük Britaniya Kralı Çarlzın ABŞ-yə planlaşdırılan dövlət səfərindən bir neçə gün əvvəl baş tutub. Tramp isə Britaniya monarxı haqqında müsbət fikirlər səsləndirərək, onu “fantastik insan” adlandırıb.