İngiltərədə 400 il əvvəl edam edilən “cadugərlər”ə bəraət istənilir

ingilterede-400-il-evvel-edam-edilen-cadugerlere-beraet-istenilir
Oxunma sayı: 318

Böyük Britaniyanın Meydstoun şəhərinin yerli şura üzvləri təxminən 400 il əvvəl cadugərlikdə ittiham edilərək edam olunan qadınlara bəraət verilməsi üçün Kral III Çarlza müraciət etməyə hazırlaşırlar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “CBS” telekanalı məlumat yayıb.

Məlumata görə, təxminən dörd əsr əvvəl Meydstoun şəhərində cadugər ovu keçirilib və 20-dən çox qadın dar ağacından asılıb. İngiltərə və Şotlandiyada isə bu cür ittihamlarla ümumilikdə təxminən 5 min qadın edam edilib.

Şəhər şurasının üzvü Kler Kehilinin sözlərinə görə, qurbanların əksəriyyəti evlənməmiş qadınlar, yaşlı qızlar və dul qadınlar olub. Onların müdafiəsinə qalxacaq kişilərin olmaması ittiham və təqib edilmələrini asanlaşdırıb. Qadınların tək yaşaması və müstəqilliyi cəmiyyət tərəfindən təhlükə kimi qəbul edilib.

Kehili həmin qadınların ittiham olunduqları cinayətləri törətmədiklərini və bir çoxunun öz günahsızlığını sübut etmək imkanından məhrum olduğunu bildirib. O, çıxarılan hökmləri məhkəmə səhvləri adlandırıb.

Qeyd edək ki, Böyük Britaniyada indiyədək cadugərlikdə ittiham edilərək məhkum olunmuş qadınlardan heç birinə rəsmi bəraət verilməyib.