Həmin gün heç kim işləmək istəməyəcək

hemin-gun-hec-kim-islemek-istemeyecek
Oxunma sayı: 772

Bütün dünyanın gözlədiyi “Grand Theft Auto VI”nın (GTA 6) satışa çıxması qlobal miqyasda böyük bir böhrana səbəb ola bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Daily Star” nəşri məlumat yayıb.

Nəşr yazır ki, əsasən, Böyük Britaniya və ABŞ-də milyonlarla işçi oyunu oynamaq üçün işdən icazə almağa, növbələrini dəyişməyə və ya sadəcə özlərini xəstəliyə vurmağa hazırdırlar.

“CharlieHR” kadr idarəetmə platformasının məlumatına görə, oyunun çıxacağı 19 noyabr tarixində Böyük Britaniyada 2,1 milyon, ABŞ-də isə 1,5 milyon əməkdaş istirahət götürməyi planlaşdırır:

“Daha 1,2 milyon britaniyalı bir neçə günlük məzuniyyətə çıxmağı, 1,8 milyon nəfər isə iş növbəsini dəyişməyi düşünür. Təxminən 2,4 milyon işçi isə oyuna vaxt ayırmaq üçün iş saatlarında dəyişiklik edəcəyinə ümid edir.

İşəgötürənlər üçün ən təşvişli statistika isə odur ki, təxminən 4,5 milyon britaniyalı məzuniyyət müraciətləri rədd ediləcəyi təqdirdə işə “xəstə” olduqlarını bildirəcəklərini bəyan ediblər. Əlavə 6 milyon insan isə oyunun çıxdığı gün evdən işləməli olacaqları təqdirdə birbaşa iş saatlarında oyun oynayacaqlarını etiraf edir”.

Nəşr sonda onu vurğulayıb ki, işçilərin bu cür kütləvi şəkildə işdən yayınması bir gün ərzində ABŞ-də ümumi istehsal həcmini 2% azalda bilər ki, bu da Amerika iqtisadiyyatına itirilmiş məhsuldarlıq şəklində 1 milyard dollara başa gələcək. Bundan əlavə qeyd olunub ki, Böyük Britaniyada da ofislər artıq analoji prosesə hazırlaşır.

Qeyd edək ki, “Grand Theft Auto VI” oyunu 19 noyabr tarixində “PlayStation 5” və “Xbox Series X/S” konsolları üçün satışa çıxarılacaq. Oyunun PC (kompüter) versiyası isə gələn ilin ilk rübündə “Steam” və “Epic Games” oyun satış platformalarında işıq üzü görəcək.