Metin Öztürk və Abdullah Kavukcu rəhbərlikdən getdilər - “Qalatasaray”da böhran

metin-ozturk-ve-abdullah-kavukcu-rehberlikden-getdiler
Oxunma sayı: 568

“Qalatasaray”ın İdarə Heyətinin üzvü və “Galatasaray Sportif AŞ”nin sədr müavini Abdullah Kavukcu istefa verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Buna səbəb onun klubun ikinci prezidenti Metin Öztürklə yaşadığı mübahisənin səbəb olduğu bildirilir.

Məlumata görə, iki klub rəsmisi arasında baş verən mübahisə zamanı tərəflər bir-birini təhqir edib. Hadisədən sonra hər iki şəxsin istefa verdiyi iddia olunsa da, Kavukcu qərarını rəsmən açıqlayıb. O, istefasını şəxsi məsələlərin klubun nüfuzuna və hədəflərinə zərər vurmaması ilə əsaslandırıb:

“Qalatasaray”a olan sevgim və məsuliyyətim naminə şəxsi məsələlərin klubumuzun əmin-amanlığına, nüfuzuna və məqsədlərinə kölgə salmaması üçün İdarə Heyətinin üzvlüyündən istefa vermək qərarına gəlmişəm. Kluba bağlılığımın hər hansı vəzifə və ya titulla məhdudlaşmadığını, bundan sonra da onun uğurları üçün əlimdən gələn töhfəni verməyə davam edəcəyimi xüsusi vurğulamaq istəyirəm”.

Qeyd edək ki, “Qalatasaray”ın azarkeş qrupu “ultrAslan” Metin Öztürkün istefasını qəbul etmədiyini açıqlayıb.

Klubun sabiq Divan Şurasının sədri Eşref Hamamcıoğlu da Öztürkə dəstək verib. O, baş verənlərin bütün tərəfləri ilə araşdırılmasını, Kavukcunun hadisədə məsuliyyətinin müəyyənləşəcəyi təqdirdə onun klubdan xaric edilməsi tələbi ilə intizam komitəsinə müraciət olunmasını istəyib.