Belçika Kralı Filippin qardaşı Şahzadə Loran 26 yaşlı Klement Vandenkerkhovu rəsmi olaraq oğlu kimi tanıyıb. Bu qərarla Vandenkerkhov Belçika Şahzadəsi titulunu əldə edib və atasının mirasından digər övladları ilə bərabər pay almaq hüququ qazanıb.
“Qafqazinfo” xəbər verir ki, Belçika mətbuatının məlumatına görə, atalığın tanınması vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı məmurunun iştirakı ilə rəsmiləşdirilib.
Şahzadə Loran 2025-ci ilin sentyabrında Vandenkerkhovun bioloji atası olduğunu açıq şəkildə elan etmişdi. Klement Vandenkerkhov 2003-cü ildə, Loranın Şahzadə Klerlə evlənməsindən əvvəl dünyaya gəlib.
Atalığın rəsmi şəkildə təsdiqlənməsi ilə Vandenkerkhov şahzadə titulunu daşımaq hüququ əldə edib. Bununla belə, bu titul ona kral ailəsi adından rəsmi fəaliyyət göstərmək və ya monarxiyanı təmsil etmək səlahiyyəti vermir.
Belçikada 2013-cü ildə qəbul edilən qanuna əsasən, kral ailəsinin üzvlərinə verilən dövlət müavinətləri, əsasən, monarx və taxtın birbaşa varisi ilə məhdudlaşır.
Bu səbəbdən Vandenkerkhov da Şahzadə Loranın digər övladları Şahzadə Luiza, Şahzadə Nikolay və Şahzadə Aymerik kimi öz gəlirini müstəqil şəkildə təmin etməyə davam edəcək.
Atalığın tanınmasının ən mühüm hüquqi nəticələrindən biri miras məsələsidir.
Vandenkerkhov artıq Şahzadə Loranın qanuni övladı və tamhüquqlu varisi hesab olunur. Bu isə o deməkdir ki, o, atasının vəfatından sonra mirasını üç ögey bacı-qardaşı ilə bərabər şəkildə bölüşmək hüququna malik olacaq.
O, həmçinin istəsə, atasının ailə soyadı olan Saks-Koburq soyadını götürmək üçün müraciət edə bilər.
Lakin Belçika mətbuatının məlumatına görə, 26 yaşlı şahzadə hazırkı Vandenkerkhov soyadına bağlıdır və onu dəyişdirmək niyyətində olduğuna dair hər hansı açıqlama verməyib.
Belçika Kral ailəsində buna bənzər hal daha əvvəl də yaşanıb. Kral II Albertin uzun müddət davam edən atalıq mübahisəsindən sonra qızı kimi tanıdığı Şahzadə Delfin də sonradan Saks-Koburq soyadından istifadə etməyə başlayıb.
Son xəbərlər
Son Xəbərlər