Avarçəkmə üzrə “Prezident Kuboku-2024”ün paradı keçirildi - Fotolar

avarcekme-uzre-prezident-kuboku-2024un-paradi-kecirildi
Oxunma sayı: 935

Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunan avarçəkmə üzrə “Prezident Kuboku” beynəlxalq reqatasının rəsmi paradı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Mingəçevir şəhəri Heydər Əliyev prospektində təşkil olunan paradda 20-dən çox ölkədən 30-a yaxın komanda bayraqlarla təntənəli yürüş ediblər.

İdmançıları Azərbaycanın böyük ölçüdə dövlət bayrağını daşıyan könüllülər, üzərində avarçəkmə idman növünün qayıqları olan xüsusi avtomobil müşayiət edib. Şəhər sakinləri tərəfindən də parad böyük coşqu ilə qarşılanıb.

İdmançıların keçidindən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca rəsmi şəxslər Ulu Öndər Heydər Əliyevin Mingəçevirdə yerləşən abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər. Tədbir rəqs qrupunun və idmançıların maraqlı rəqsləri ilə davam edib.

Paraddan sonra iştirakçı komandaların reqata öncəsi iclası keçirilib. İclas zamanı həm də yarışların püşkü atılıb.

Xatırladaq ki, “Prezident Kuboku” reqatasının açılış mərasimi və ilk yarış günü mayın 1-də Suqovuşanda baş tutacaq. Yarışlar  2-3 may tarixlərində Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.

Mayın 3-də Mingəçevirdə “Prezident Kuboku-2024” beynəlxalq reqatasının bağlanış mərasimi olacaq. Bağlanış mərasimində əvvəlcə qaliblər mükafatlandırılacaq. Kayak-kanoe və akademik avarçəkmə üzrə kuboklar sahiblərinə təqdim ediləcək. Daha sonra bağlanış mərasimi bədii hissə ilə davam edəcək. Müxtəlif musiqi nömrələri ilə yanaşı son illərin ən populyar ifaçılarından Hiss solo ifası ilə bağlanış mərasiminə rəng qatacaq. Reqataya möhtəşəm atəşfəşanlıqla yekun vurulacaq.