Mayın 16-da Cenevrədə Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova ilə Alen Simonyan arasında ikinci görüş keçirilib.
Bu barədə “Qafqazinfo”ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilir ki, görüş həmin şəhərdə keçirilən Parlament Sədrlərinin VI Ümumdünya Konfransının Təşkilat Komitəsinin 1-ci iclası çərçivəsində baş tutub.
Görüşdə Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları fonunda iki ölkənin parlamentlərinin sülh prosesinə necə dəstək verə biləcəyi ilə bağlı məsələlərin müzakirəsi davam etdirilib.
Konstruktiv atmosferdə keçən görüşdə tərəflər parlamentlər arasında dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.
Qeyd edək ki, S. Qafarova ilə A.Simonyan rəsmi görüşdən öncə orada tədbir çərçivəsində də təkbətək söhbətləşiblər.
Onu da xatırladaq ki, Ermənistan və Azərbaycan parlamentlərinin sədrləri arasında ilk görüş martın 22-də Parlamentlərarası İttifaqın 148-ci iclası çərçivəsində keçirilib.