Aviabiletləri kriptovalyuta ilə satacaqlar

aviabiletleri-kriptovalyuta-ile-satacaqlar
Oxunma sayı: 280

Dubayda yerləşən “Emirates” aviaşirkəti aviabilet ödənişlərində kriptovalyutadan istifadə imkanını işə salıb.

“Qafqazinfo” xəbər verir ki, sərnişinlər artıq “Crypto.com” tərəfindən hazırlanmış ödəniş sistemi vasitəsilə “Bitcoin” və digər rəqəmsal aktivlərlə bilet ala biləcəklər.

Yeni qaydalara əsasən, “Crypto.com” hesabı olan sərnişinlər “Emirates”in rəsmi saytı və ya mobil tətbiqi üzərindən bilet alarkən ödəniş mərhələsində “Crypto.com Pay” seçimini edə biləcəklər. Hazırda bu ödəniş üsulu yalnız BƏƏ dirhəmi ilə həyata keçirilir və xidmət Birləşmiş Ərəb Əmirliklərində yaşayan sərnişinlər üçün əlçatandır.

“Emirates”in vitse-prezidenti və kommersiya direktoru Adnan Kazım bildirib ki, yeni ödəniş sistemi maliyyə əməliyyatlarını, əsasən, rəqəmsal platformalar və mobil cihazlar üzərindən həyata keçirən gənc nəslin dəyişən tələblərinə cavab vermək məqsədi daşıyır.

Yeni inteqrasiya “Crypto.com”un Dubayda lisenziyaya malik qurumu vasitəsilə həyata keçirilir. Şirkətin məlumatına görə, həmin qurum BƏƏ Mərkəzi Bankından Saxlanılan Dəyər Xidmətləri üzrə lisenziya alan ilk virtual aktiv xidmət təminatçısı olub.

“Emirates”in bu addımı Dubayın rəqəmsal ödənişlərə keçidi sürətləndirmək məqsədi daşıyan Nağdsız Strategiyasına da uyğun gəlir. Strategiya 2026-cı ilin sonuna qədər əmirlikdə dövlət və özəl sektor əməliyyatlarının 90 faizinin rəqəmsallaşdırılmasını hədəfləyir.

Yeni əməkdaşlıq “Emirates”in rəqəmsal ödənişlərin inkişafı istiqamətində “Dubai Finance” ilə daha əvvəl başladığı tərəfdaşlığın davamı kimi qiymətləndirilir. “Crypto.com” da “Dubai Finance” ilə dövlət xidmətləri üzrə rəqəmsal ödənişlərin qəbulu ilə bağlı ayrıca əməkdaşlıq həyata keçirir.

Qeyd edək ki, “Emirates” və “Crypto.com” bu istiqamətdə əməkdaşlıq edəcəklərini daha əvvəl açıqlamışdı. Aviaşirkət “Bitcoin” ödənişlərinə marağını ilk dəfə 2022-ci ildə nümayiş etdirmişdi.