Oktyabrın 27–29-da keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı ictimaiyyətin məlumatlandırılması məqsədilə Milli İncəsənət Muzeyində mətbuat konfransı təşkil olunub.
“Qafqazinfo” xəbər verir ki, mətbuat konfransında mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının (UNAOC) direktoru Nihal Saad və ICESCO-nun Sivilizasiyalararası Dialoq Mərkəzinin direktoru Xalid Fəthəlrəhman çıxış ediblər.
Çıxışlarda forumun əsas istiqamətləri, məqsədləri və beynəlxalq əhəmiyyəti barədə məlumat verilib. Fərid Cəfərov forumla bağlı məlumat verərkən bildirib ki, tədbir rəsmi olaraq sabah başlasa da, artıq forum çərçivəsində tədbirlərin keçirilməsinə başlanılıb.
O qeyd edib ki, forum çərçivəsində müzakirə olunan məsələləri və gələcək fəaliyyət istiqamətlərini əks etdirən bəyanatların qəbul edilməsi nəzərdə tutulur: “Forum ayrıca bir tədbir deyil, davamlı prosesin tərkib hissəsidir. Bu ildən etibarən forumun öz katibliyi fəaliyyət göstərəcək. Katiblik forumlar arasındakı dövrdə fəaliyyətlərin əlaqələndirilməsini təmin edəcək”.
Nazir müavini qeyd edib ki, forum çərçivəsində keçiriləcək panellərdən biri də münaqişədən zərər çəkmiş ərazilərdə maddi və qeyri-maddi mədəni irsin bərpası sahəsində Azərbaycanın təcrübəsinə həsr olunacaq: “Azərbaycan çoxmillətli və müxtəlif dinlərin nümayəndələrinin birgə yaşadığı ölkədir. Tarixən burada müxtəlif etnik qrupların və dini icmaların nümayəndələri özlərini azad və təhlükəsiz hiss ediblər. Azərbaycan Prezidentinin də dəfələrlə vurğuladığı kimi, multikulturalizm və tolerantlıq təkcə ölkənin dövlət siyasəti deyil, həm də azərbaycanlıların həyat tərzidir. Bu dəyərlər tarixən formalaşıb və ənənələrimizdə öz əksini tapıb.
Münaqişədən çıxmış və işğaldan azad edilmiş ərazilərin bərpası, o cümlədən həmin ərazilərdə dağıdılmış mədəni irsin yenidən qurulması prosesini həyata keçirən Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır. Forum çərçivəsində keçiriləcək panellərdən biri də münaqişədən zərər çəkmiş ərazilərdə maddi və qeyri-maddi mədəni irsin bərpası sahəsində Azərbaycanın təcrübəsinə həsr olunacaq. Biz bu təcrübəni dünya ilə bölüşmək və beynəlxalq tərəfdaşlarımızın digər münaqişədən zərər çəkmiş və münaqişədən sonrakı bərpa mərhələsində olan ərazilərin də bu təcrübədən faydalanmasına dəstək verməsini istəyirik”.
Nihal Saad isə çıxışı zamanı Bakıya dəfələrlə səfər etdiyini vurğulayıb. O, bunun bəlkə də Bakıya 30-cu səfəri olduğunu qeyd edərək, illərdir şəhərə mütəmadi gəldiyini bildirib. O qeyd edib ki, BMT sistemi daxilində mədəniyyətlərarası və dinlərarası dialoqa rəhbərlik edən əsas qurumlardan biri kimi, BMT-nin Sivilizasiyalar Alyansı dialoq üçün qlobal platforma yaratmaq istiqamətində yorulmadan çalışır: “Biz son 20 il ərzində beynəlxalq nüfuz qazanmış qlobal şəbəkələrimiz vasitəsilə dövlət və qeyri-dövlət aktyorlarını bir araya gətiririk.Bu fəaliyyətimiz dialoqun münaqişələrin qarşısının alınması, sülhquruculuğu və sosial həmrəylik üçün vacib bir vasitə olduğuna dair dərin inamımızdan qaynaqlanır. Beləliklə, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu məqsədləri irəliyə aparmaq üçün ən mühüm qlobal platformalardan biri olaraq qalır və biz yeddinci buraxılışda da Azərbaycanla bu yaxın tərəfdaşlığı davam etdirməkdən qürur duyuruq”.
Xalid Fəthəlrəhman çıxışı zamanı VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas prinsipinin ardıcıllıq olduğunu bildirib:
“Düşünürəm ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas açar sözü ardıcıllıqdır. Bu, proseslərin sistemli şəkildə davam etməsi, beynəlxalq platformalarda son 20 il ərzində müzakirə olunan məsələlərin ardıcıl şəkildə gündəmdə saxlanılması deməkdir. Forumun üç əsas istiqaməti qlobal problemlərin həllində ərəb dünyasının rolunu, qarşılıqlı anlaşma və əməkdaşlığın əhəmiyyətini, eləcə də sülh və təhlükəsizliyin ümumi qlobal məqsədlər kimi qəbul edilməsini əhatə edir. Bu ardıcıllıq, ilk növbədə, real problemlərin həllinə gedən yolu qısaldır, davam edən böhranların təhlilinə və praktik həll yollarının müəyyənləşdirilməsinə imkan yaradır. Eyni zamanda, düzgün təhlil aparmaq və real nəticələr əldə etmək üçün zəmin formalaşdırır”.
O, Azərbaycanın bu məsələlərin həllində etibarlı tərəfdaş kimi rolunu da vurğulayıb. Mətbuat konfransı jurnalistlərin suallarının cavablandırılması ilə davam edib.
Lamiyə Məmmədova


