Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.
“Qafqazinfo” xəbər verir ki, görüşün məqsədi universitet ilə Milli Observatoriya arasında imzalanmış Əməkdaşlıq Memorandumundan irəli gələn vəzifələrin icra vəziyyətini müzakirə etmək, mövcud fəaliyyətləri qiymətləndirmək olub. Görüşdə tərəflər qarşılıqlı fəaliyyət haqqında hesabat təqdim edib, gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələri müzakirə ediblər.
Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva qeyd edib ki, görüş yalnız növbəti rəsmi addım deyil, bilik və təcrübənin inteqrasiyasına yönəlmiş strateji tərəfdaşlığın mühüm mərhələsidir. Müasir təhsil nəzəri biliklərlə məhdudlaşmamalı, real praktik mühitlə sıx inteqrasiya olunmalıdır və bu baxımdan Milli Observatoriya ilə əməkdaşlıq Azərbaycan Universiteti üçün xüsusi əhəmiyyət daşıyır. 2025-ci il üzrə birgə fəaliyyətin nəticələri göstərir ki, tərəfdaşlıq formal deyil, ölçülə bilən və real nəticələrlə müşayiət olunan uğurlu modelə çevrilib. Universitet qarşıdakı dövrdə əməkdaşlığı daha da genişləndirməyi planlaşdırır. Azərbaycan Universiteti ilə Milli Observatoriya arasında qurulmuş əməkdaşlıq ölkədə ali təhsil müəssisələri ilə dövlət qurumları arasında birgə fəaliyyətin nümunəvi modelidir.
Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli rəhbərlik etdiyi müəssisənin fəaliyyət istiqamətləri haqqında məlumat verib və Azərbaycan Universitetinin məzunlarının məşğulluq göstəricilərinin təhlili ilə bağlı nəticələri təqdim edib. O qeyd edib ki, təhlilin nəticələri növbəti tədris illərində tələbə qəbulu planının və ixtisaslar üzrə kvotaların müəyyənləşdirilməsində mühüm rol oynaya bilər.
Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam edib. Müzakirələrdə tələbələrə karyera dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, birgə elmi fəaliyyət və tədqiqatların şaxələndirilməsi, magistratura təhsil səviyyəsində dissertasiya mövzularının müəyyənləşdirilməsi kimi məsələlər diqqət mərkəzində olub.




Son xəbərlər
Son Xəbərlər