“Azərbaycanı tanıdaq” müsabiqəsinin qalibləri mükafatlandırıldı - Fotolar

azerbaycani-tanidaq-musabiqesinin-qalibleri-mukafatlandirildi
Oxunma sayı: 1911

Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Azərbaycanı tanıdaq” müsabiqəsi yekunlaşıb.

“Qafqazinfo” xəbər verir ki, “Terra Travel” turizm şirkətinin yeni layihəsi olan müsabiqəyə Azərbaycanın fərqli universitetlərindən göndərilmiş esselər Bakı Avrasiya Universitetinin “Ümumi filologiya” kafedrasının professor-müəllim heyətindən ibarət işçi qrupu tərəfindən tam şəffaflıqla yoxlanılıb və qaliblər müəyyənləşdirilib.

Qaliblərin mükafatlandırılması və iştirakçılara sertifikatların təqdim edilməsi mərasimi Bakı Avrasiya Universitetində keçirilib. Mərasimi “Ümumi filologiya” kafedrasının müdiri fil.e.d., dos. Elmira Məmmədova-Kekeç açaraq Bakı Avrasiya Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş silsilə tədbirlərdən danışıb.

Daha sonra “Terra Travel” turizm şirkətinin əməkdaşı Ceyhun Məmmədov esse müsabiqəsinə 200-ə yaxın yazının göndərildiyi və sadəcə 70 essenin tələblərə uyğun hazırlandığı üçün müsabiqə komissiyasına təqdim edildiyi barədə məlumat verib, təşkilati dəstəyə görə Elm və Təhsil Nazirliyinə, Bakı Avrasiya Universitetinə, Dövlət Turizm Agentliyinə və Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatına təşəkkürünü bildirib. Mərasimdə iştirak edən Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İnformasiya Texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Elvin Abdulqədirov “Heydər Əliyev ili” çərçivəsində bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.

Həmçinin Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov gənclərin yaradıcılıq qabiliyyətlərinin ortaya çıxarılmasında və Azərbaycanın tanıdılmasında bu müsabiqənin böyük rol oynayacağını vurğulayıb və gənclərə uğurlar arzulayıb.

Daha sonra müsabiqə komissiyasının üzvlərinə “Terra Travel” şirkəti tərəfindən təşəkkürnamələr və esse müsabiqəsinin iştirakçılarına sertifikatlar təqdim edilib.

Tədbirin sonunda qaliblərin adları açıqlanıb və I yer üzrə “Mənim Azərbaycanım” essesinin müəllifi, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin müalicə işi ixtisasının tələbəsi Aysel Şıxmuradova, II yer üzrə “Hər yol ora aparır – Zaqatalaya” essesinin müəllifi,

Azərbaycan İlahiyyat İnstitutunun islamşünaslıq ixtisasının tələbəsi Məhəmməd Abbasov, III yer üzrə “Şərqlə Qərbin vəhdəti” essesinin müəllifi, Azərbaycan Diplomatik Akademiyasının hüquq ixtisasının tələbəsi Röya Məmmədli sertifikat və kuponla təltif edildilər. I yerin qalibi İstanbula aviabiletlə, II yerin qalibi Qubaya ölkədaxili otellə, III yerin qalibi Şəkiyə ölkədaxili turla mükafatlandırılıblar.