“Qərar verən şəxs namizədlə qohumdursa, obyektivliyə şübhə yaradır”

qerar-veren-sexs-namizedle-qohumdursa-obyektivliye-subhe-yaradir
Oxunma sayı: 195

“Maraqlar toqquşması hüquqi mahiyyətinə görə korrupsiya əməlləri ilə eyni məna daşımır”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Maraqlar toqquşması haqqında” qanun layihəsinin müzakirəsi zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

“Vəzifəli şəxsin əmlakı və qanuni iqtisadi maraqları ola bilər. Lakin özəl mənafelər dövlət qərarlarına təsir etməməlidir. Yeni qanunun üstünlüyü odur ki, hüquq pozuntusunun baş verməsini gözləmədən, onu doğura biləcək şəraiti əvvəlcədən aradan qaldırmağa imkan verir. Konstitusiyanın 55-ci maddəsinə görə dövlət idarəçiliyində iştirak etmək hüququ vətəndaşa verilmiş siyasi imkandır, yəni, dövlət vəzifəsi xalqa xidmət üçündür.

Maraqlar toqquşmasının ən böyük iqtisadi nəticələri dünyada dövlət satınalmalarında meydana çıxır. Dövlət büdcəsindən maliyyələşən təchizat və xidmət layihələrində qərar qəbul edən şəxsin tender iştirakçısı ilə gizli iqtisadi əlaqəsi varsa, büdcə vəsaitinə zərərlə yanaşı, daha münasib qiymət və yüksək keyfiyyət təklif edən sahibkar da dövlət sifarişindən kənarda qala bilər. Beləliklə, maraqlar toqquşması həm də azad rəqabətə, milli sahibkarlığa və investisiya mühitinə zərbə vurur.

Torpaq münasibətləri, özəlləşdirmə, güzəştli kreditlər və subsidiyalar da yüksək riskli sahələrdir. Təsəvvür edək ki, yeni magistral yolun harada çəkiləcəyini əvvəlcədən bilən vəzifəli şəxs həmin ərazidə yaxınlarının adına torpaq alır, dövlət investisiyasından sonra torpağın qiyməti dəfələrlə artır. Layihədə xidməti məlumatlardan şəxsi məqsədlərlə istifadəni məhdudlaşdıran 15-ci maddə məhz gözlənilən təhlükənin qarşısını almağa yönəlib.

Maraqlar toqquşması yalnız iqtisadi münasibətlərdə yaranmır. Dövlət qulluğuna qəbul, vəzifələr üzrə irəli çəkilmə, universitetlərdə elmi qrantların bölüşdürülməsi də eyni riskləri daşıyır. Dövlət orqanında qərar verən şəxs namizədlərdən biri ilə qohumluq münasibətindədirsə, onun müvafiq prosedurda iştirakı obyektivliyə əsaslı şübhə yaradır.

Qanun layihəsi real, potensial və təəssürat yaradan maraqlar toqquşmasını fərqləndirir. Hətta qanunsuz qərar qəbul edilməsə də vəzifəli şəxsin qərəzsizliyinə əsaslı şübhə yaranması qabaqlayıcı tədbir üçün kifayət edə bilər. Əlbəttə, burada əsassız ittihamlarla hüquqi cəhətdən əsaslandırılmış şübhələr arasında fərq qorunmalıdır”, - deyə komitə sədri qeyd edib.

Nuranə Daxilqızı