“AzerGold” tərəfindən mineral resurs bazasının artırılması məqsədi ilə bu günə qədər genişmiqyaslı işlər aparılıb. Hazırda ilkin axtarış-qiymətləndirmə mərhələsində dövlət büdcəsi hesabına 15 min km² ərazini əhatə edən geoloji tədqiqatlar davam etdirilir və bu işlərin 2027-ci ildə tamamlanması planlaşdırılır”.
“Qafqazinfo” xəbər verir ki, bunu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, nəticədə işğaldan azad edilmiş ərazilər də daxil olmaqla, ölkəmizin mineral resurs potensialı xəritələndiriləcək:
“Hazırda axtarış-qiymətləndirmə mərhələsində 10 perspektivli qızıl-mis sahəsi var, onların resursları qiymətləndirməsi davam edir və bu prosesin də 2027-ci ildə yekunlaşdırılması nəzərdə tutulur.
Naxçıvan Muxtar Respublikasının hüdudları daxilində bir müddət əvvəl Birləşmiş Ərəb Əmirlikləri şirkəti - “International Resources Holding” ilə imzalanmış müqavilə çərçivəsində planlaşdırılan birgə müəssisə tərəfindən ilkin axtarış -qiymətləndirmə işlərinə intensiv hazırlıq işləri görülür”.
Z.İbrahimov bildirib ki, ilkin kəşfiyyat mərhələsində “AzerGold”un portfelinə daxil 5 yataq mövcuddur və bu yataqlar üzrə iqtisadi cəhətdən səmərəli ehtiyatların müəyyənləşdirilməsi davam edir:
“Naxçıvanda yerləşən Göydağ və Başkənd, eləcə də Balakəndə yerləşən Mazımçay mis yataqları üzrə müvafiq olaraq təxminən 375 min, 289 min və 849 min GEO ilkin resurs müəyyən edilib. Bu üç yataq üzrə ümumi ilkin resurs təxminən 1,5 milyon GEO təşkil edir.
Naxçıvanda yerləşən Nəsirvaz polimetal və Kəlbəcərdə yerləşən Tutxun qızıl yataqları üzrə isə ehtiyatların hesablanması davam edir”.
Zakir İbrahimov qeyd edib ki, “AzerGold” Dövlət Proqramı çərçivəsində 4 strateji layihəni həyata keçirəcək.
Onun sözlərinə görə, bunlar Kəlbəcər rayonunda yerləşən Söyüdlü qızıl, Naxçıvanda yerləşən Ortakənd qızıl, Baləkəndə yerləşən Filizçay polimetal, o cümlədən Daşkəsən dəmir filizi layihələridir:
“Bu layihələrin ümumi investisiya həcmi təxminən 3,63 milyard manat,ümumi iqtisadi dəyəri isə 60,4 milyard manatdır. Məlum olduğu kimi, dağ-mədən və metallurgiya layihələri böyük kapital qoyuluşu və uzunmüddətli maliyyələşmə tələb edir. Cənab Prezident də müşavirədə qeyd etdi ki, bu sahədə dövlət investisiyaları ilə yanaşı, yerli və xarici özəl kapitalın cəlb edilməsi üçün imkanlar genişləndirilməlidir.
“AzerGold” olaraq biz də bu prinsipə uyğun fəaliyyət göstəririk. Strateji layihələrin maliyyələşdirilməsində əsasən şirkətin daxili gəlirləri və borc vəsaitlərindən istifadə etməyi planlaşdırırıq. Eyni zamanda, xüsusilə iri və kapitaltutumlu layihələr üzrə özəl və xarici investorların iştirak imkanlarını da nəzərdən keçiririk.
Sadaladığım layihələr şirkətin daxili və borc vəsaitləri, dövlət büdcəsi və potensial investorların iştirakı hesabına maliyyələşdiriləcək. Maliyyələşmənin sadəcə 10%-i dövlət büdcəsi hesabına təmin olunacaq”.
Z.İbrahimov bildirib ki, xronoloji ardıcıllıq üzrə ilk istehsalata başlanılacaq layihə Söyüdlü qızıl yatağıdır:
“2028-ci ildən etibarən layihənin istismar dövrü 9 il, qızıl resursu 1,03 milyon unsiya, iqtisadi dəyəri 7,5 milyard manat, tələb olunan investisiya isə 425 milyon manat nəzərdə tutulur. Layihə “AzerGold”un daxili və borc vəsaitləri hesabına maliyyələşdiriləcək.
İkinci layihə Naxçıvanda yerləşən Ortakənd qızıl yatağıdır. İlk istehsal 2029-cu ildə nəzərdə tutulur. Layihənin istismar dövrü 9 il, qızıl resursu 246 min unsiya, iqtisadi dəyəri 1,8 milyard manat, tələb olunan investisiya isə 255 milyon manatdır. Layihə “AzerGold”un daxili və borc vəsaitləri hesabına maliyyələşdiriləcək”.
Sədr qeyd edib ki, Söyüdlü və Ortakənd layihələri üzrə ümumilikdə təxminən 1,28 milyon unsiya əlavə qızıl resursunun hasilata cəlb edilməsi ölkənin qızıl istehsalının və ixracının əhəmiyyətli dərəcədə artırılmasına imkan verəcək.
Zakir İbrahimov əlavə edib ki, Filizçay polimetal yatağı üzrə ilk istehsalın 2031-2032-ci illərdəbaşlanması nəzərdə tutulur:
“34 illik istismar dövrü ərzində yatağın 363 min ton mis, 2,7 milyon ton sink və 1 milyon ton qurğuşun resursunun hasilata cəlb edilməsi planlaşdırılır. Layihənin iqtisadi dəyəri 29,7 milyard manat, tələb olunan investisiya isə 1 milyard manatdır. Bildiyiniz kimi, müşavirədə Prezident tərəfindən “AzerGold”un ilkin mərhələdə yatağın 100 faiz səhmdarı kimi fəaliyyət göstərməsi tapşırıldı. Vurğulandı ki, istismar irəlilədikcə yatağın iqtisadi dəyəri artacaq və bundan sonra, zərurət yarandığı halda, müəyyən pay əsasında xarici investorların layihəyə cəlb edilməsi nəzərdən keçirilə bilər.
Filizçay layihəsinin icrası yeni ixrac imkanları yaradacaq və ölkədə yeni sənaye istiqamətinin formalaşmasına şərait yaradacaq. Eyni zamanda regionun sosial-iqtisadi inkişafına, yeni iş yerlərinin açılmasına və dağ-mədən sənayesi ətrafında əlaqəli sahələrin formalaşmasına təkan verəcək. Layihənin icrası ilə hasilat və emal proseslərinə xidmət göstərən yerli podratçı və təchizatçı şirkətlərin, logistika və digər xidmət sahələrinin fəaliyyətinin genişlənməsi üçün də yeni imkanlar yaranacaq.
Beləliklə, Filizçay ölkənin əlvan metallurgiya potensialının inkişafına və yeni sənaye dəyər zəncirinin formalaşmasına mühüm töhfə verəcək”.
Gülnar Əliyeva