Azərbaycanın regional bağlantıları - Geniş investisiya imkanları

azerbaycanin-regional-baglantilari
Oxunma sayı: 312

Bakıda Prezident İlham Əliyevin himayəsi altında təşkil olunan II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkənin iqtisadi potensialının beynəlxalq investorlara təqdim edilməsi, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və mövcud investisiya əlaqələrinin daha da genişləndirilməsi baxımından mühüm platformaya çevrilir.

“Qafqazinfo” xəbər verir ki, AZƏRTAC II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mahiyyətini təhlil edib.

İqtisadiyyat Nazirliyi və “The European House – Ambrosetti & TEHA Group”un strateji tərəfdaşlığı ilə keçirilən Forum “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunub. Belə bir mövzunun seçilməsi hazırkı qlobal iqtisadi reallıqlar fonunda xüsusi aktuallıq daşıyır. Dünya iqtisadiyyatında geosiyasi dəyişikliklərin, ticarət gərginliklərinin, təchizat zəncirlərində baş verən transformasiyaların və qeyri-müəyyənliyin artdığı bir şəraitdə investisiya qərarlarının qəbulunda etimad, sabitlik və proqnozlaşdırılabilənlik əsas amillər sırasında yer alır. Məhz bu cür şəraitdə Azərbaycanın ardıcıl iqtisadi siyasəti, investisiya mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər və beynəlxalq tərəfdaşlıqlara açıq mövqeyi ölkənin regional iqtisadi proseslərdə rolunu gücləndirən başlıca amillərdəndir. Forumun gündəliyi də Azərbaycanın yalnız investisiya qəbul edən ölkə kimi deyil, eyni zamanda, regional əməkdaşlıq, nəqliyyat bağlantıları, enerji layihələri və yeni iqtisadi təşəbbüslər baxımından mühüm tərəfdaş kimi təqdim olunmasına imkan verir.

Forum konkret iqtisadi nəticələr üçün mexanizm formalaşdırır

Foruma beynəlxalq səviyyədə artan marağın miqyası tədbirin əhatə dairəsinin genişləndiyini göstərir. Belə ki, bu il Forumda 3000-dən çox iştirakçı qeydiyyatdan keçib, 70 ölkədən 803 xarici nümayəndə tədbirə qatılıb. İştirakçıların coğrafiyasının genişliyi və müxtəlif profilli nümayəndələrin bir araya gəlməsi Azərbaycanın investisiya gündəliyinin beynəlxalq biznes və maliyyə dairələri üçün aktuallığını nümayiş etdirən amillərdəndir. Forum hökumət nümayəndələri ilə yanaşı, qlobal investorları, biznes liderlərini, maliyyə təsisatlarının və nüfuzlu beyin mərkəzlərinin təmsilçilərini bir araya gətirir. Bu baxımdan tədbir yalnız təqdimat xarakterli görüşlər məkanı deyil, müxtəlif iqtisadi aktorlar arasında birbaşa əlaqələrin qurulmasına və konkret əməkdaşlıq imkanlarının müzakirəsinə şərait yaradan geniş platformadır.

Hazırda dünya iqtisadiyyatı yeni çağırışlarla üz-üzədir. Ticarət münasibətlərində dəyişikliklər, təchizat zəncirlərinin yenidən formalaşması, enerji və nəqliyyat marşrutlarının əhəmiyyətinin artması, eləcə də geosiyasi proseslər investisiya axınlarının istiqamətinə təsir göstərən əsas amillərdəndir. Belə bir mühitdə kapital sahibləri üçün yalnız bazarın potensialı deyil, həm də həmin bazarda uzunmüddətli fəaliyyət imkanları, iqtisadi sabitlik və tərəfdaşlıq mühiti mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın investisiya forumuna göstərilən yüksək beynəlxalq maraq bu baxımdan ayrıca əhəmiyyət daşıyır. Tədbirin əsas məqsədlərindən biri mövcud marağı konkret layihələr və uzunmüddətli iqtisadi tərəfdaşlıqlar səviyyəsinə çıxarmaqdır.

İnvestisiya forumlarının əhəmiyyətini müəyyən edən əsas məqamlardan biri onların real iqtisadi əməkdaşlığa çevrilən nəticələr ortaya qoymasıdır. Bu baxımdan ötən il keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun nəticələri diqqət çəkir. Forum çərçivəsində ümumi dəyəri 10 milyard dollardan çox investisiya sazişləri imzalanıb. Həmin sazişlərin 7 milyard dollardan çoxu qeyri-neft-qaz sektoruna aid olub. Bu göstəricilər investisiya gündəliyinin yalnız enerji sektoru ilə məhdudlaşmadığını, iqtisadiyyatın digər istiqamətlərinə də beynəlxalq kapitalın cəlb edilməsi üçün imkanların genişləndiyini göstərir. Eyni zamanda, qeyri-neft-qaz sahəsinə yönələn investisiyaların həcmi iqtisadiyyatın şaxələndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

İkinci Forumda isə əməkdaşlıq gündəliyinin daha geniş sahələri əhatə etməsi diqqəti cəlb edir. Sənaye, maliyyə, tikinti, süni intellekt, bərpa olunan enerji, kənd təsərrüfatı, su resursları və idman kimi istiqamətlər üzrə nəzərdə tutulan sənədlər Azərbaycanda investisiya imkanlarının sektorlar üzrə şaxələndiyini göstərir. Burada əsas məsələ yalnız investisiya sazişlərinin sayının və maliyyə dəyərinin artması deyil, eyni zamanda, kapitalın hansı sahələrə yönəldiyi, yeni texnologiyaların və biznes modellərinin iqtisadiyyata gətirilməsi, istehsal və xidmət imkanlarının genişləndirilməsidir. Bu baxımdan Forum müxtəlif istiqamətlər üzrə investisiya imkanlarının təqdim edilməsi və investorlarla yerli tərəfdaşlar arasında əlaqələrin qurulması üçün praktiki mexanizm rolunu oynayır.

Azərbaycanın regional bağlantıları – Geniş investisiya imkanları

Azərbaycanın son illərdə həyata keçirdiyi iqtisadi şaxələndirmə siyasəti, regional nəqliyyat və enerji layihələrində fəal iştirakı, eləcə də yeni əməkdaşlıq formatlarının formalaşmasında oynadığı rol ölkənin investisiya cəlbediciliyini artıran əsas amillərdəndir. Bu baxımdan Forum Azərbaycanın yalnız mövcud investisiya imkanlarını nümayiş etdirməsi ilə məhdudlaşmır. Tədbir həm də ölkənin regional iqtisadi proseslərdə dəyişən mövqeyinin, yeni əməkdaşlıq istiqamətlərinin və uzunmüddətli inkişaf perspektivlərinin müzakirəsi üçün platforma yaradır.

Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, yeni geosiyasi reallıqlar və beynəlxalq ticarət marşrutlarının yenidən formalaşması fonunda Azərbaycanın yerləşdiyi coğrafiyanın strateji əhəmiyyəti artır. Ölkənin iqtisadi imkanlarını şərtləndirən mühüm istiqamətlərdən biri nəqliyyat və logistika sahəsidir. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi onu beynəlxalq yükdaşımalar üçün mühüm bağlantı məntəqəsinə çevirir. Xüsusilə Orta Dəhlizin inkişafı Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında ticarət və logistika əlaqələrinin genişləndirilməsində rolunu artırır.

Bu proses ölkənin rolunun ənənəvi tranzit funksiyası ilə məhdudlaşmaması üçün yeni imkanlar yaradır. Nəqliyyat infrastrukturunun inkişafı ilə yanaşı, logistika mərkəzlərinin, sənaye və istehsal müəssisələrinin, emal sahələrinin və müxtəlif xidmət sektorlarının genişləndirilməsi Azərbaycanın regional dəyər zəncirlərində iştirakını gücləndirə bilər. Beləliklə, ölkə yalnız yüklərin bir istiqamətdən digərinə daşındığı ərazi deyil, həm də bu iqtisadi proseslərdə əlavə dəyərin yaradıldığı mərkəz kimi çıxış etmək imkanlarını genişləndirir. Bu baxımdan Azərbaycanın coğrafi mövqeyi ölkəyə investisiya yatırmaq istəyən şirkətlər üçün əlavə üstünlük yaradır. Yaradılan istehsal və logistika imkanları daxili bazarın tələbatının ödənilməsi ilə yanaşı, daha geniş regional bazarlara çıxış üçün də imkanlar formalaşdırır. Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropa arasında iqtisadi əlaqələrin inkişafı Azərbaycanın regional biznes əlaqələrində əhəmiyyətini artıran amillərdəndir.

Tədbirin diqqətçəkən məqamlarından biri Azərbaycanın iqtisadi potensialının ayrı-ayrı sahələr üzrə deyil, bütöv inkişaf modeli çərçivəsində təqdim edilməsidir. İqtisadiyyat və maliyyə ilə yanaşı, enerji, kənd təsərrüfatı, ekologiya, yaşıl inkişaf, əmək bazarı, sosial siyasət, şəhərsalma və dayanıqlı inkişaf kimi istiqamətlərin forumun gündəliyinə daxil edilməsi ölkənin investisiya imkanlarının çoxşaxəli xarakterini göstərir. Xüsusilə yaşıl iqtisadiyyata keçid və dayanıqlı inkişafın qlobal investisiya gündəliyinin əsas istiqamətlərindən birinə çevrildiyi bir vaxtda Azərbaycanın bu sahələr üzrə potensialının təqdim edilməsi mühüm əhəmiyyət daşıyır. Bərpaolunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi, ekoloji dayanıqlılıq və müasir şəhər infrastrukturu həm dövlət siyasətində, həm də özəl sektor üçün yeni investisiya imkanlarının formalaşmasında ön plana çıxır.

Şəhərsalma və dayanıqlı inkişaf istiqamətləri Azərbaycanın yeni iqtisadi reallıqları kontekstində xüsusi diqqət çəkir. Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və yenidənqurma prosesi, müasir yaşayış məntəqələrinin yaradılması, rəqəmsal və yaşıl həllərin tətbiqi müxtəlif sahələrdə investisiya və əməkdaşlıq üçün yeni imkanlar formalaşdırır. Bu proses tikinti və infrastrukturla yanaşı, texnologiya, enerji, nəqliyyat və xidmət sektorlarını əhatə edən geniş iqtisadi ekosistemin yaranmasına şərait yaradır.

İnvestisiya gündəliyi müxtəlif sektorları əhatə edir

Forumun mühüm cəhətlərindən biri də onun biznes dialoqu ilə yanaşı, qlobal iqtisadi proseslərin ekspert müzakirəsi üçün platforma rolunu oynamasıdır. “The European House – Ambrosetti” kimi nüfuzlu beynəlxalq qurumun strateji tərəfdaş qismində iştirakı tədbirin analitik komponentini daha da gücləndirir.

Beynəlxalq beyin mərkəzlərinin, ekspertlərin və müxtəlif ölkələrdən olan qərar qəbul edən şəxslərin iştirakı qlobal iqtisadiyyatda baş verən dəyişikliklərin müxtəlif aspektlərdən təhlilinə şərait yaradır. İnvestisiya axınlarının yeni istiqamətləri, dəyişən geosiyasi mühit, iqtisadi siyasətin qarşısında duran çağırışlar və gələcək inkişaf trendləri bu cür platformalarda daha geniş kontekstdə nəzərdən keçirilir. Bu baxımdan Forum yalnız biznes əlaqələrinin qurulduğu məkan deyil, həm də müxtəlif yanaşmaların və ekspert mövqelərinin bir araya gəldiyi fikir mübadiləsi platforması kimi çıxış edir.

Belə müzakirələr Azərbaycanın iqtisadi gündəliyinin beynəlxalq ekspert dairələrində daha geniş tanıdılması ilə yanaşı, qlobal iqtisadi proseslərə dair fikir mübadiləsinin aparılmasına da şərait yaradır. Forumun əhəmiyyəti buna görə yalnız imzalanan sənədlər və investisiya razılaşmaları ilə məhdudlaşmır. Tədbir uzunmüddətli iqtisadi əlaqələr üçün yeni təmasların qurulmasına və müxtəlif tərəflər arasında dialoqun genişlənməsinə xidmət edir.

Nəticə etibarilə, Forum investisiya təşəbbüsləri, biznes əlaqələri və ekspert müzakirələrini vahid gündəlikdə birləşdirən mühüm iqtisadi platformadır. Onun əhəmiyyəti həm konkret iqtisadi nəticələrdə, həm də Azərbaycanın beynəlxalq iqtisadi dialoqda iştirakının genişlənməsində özünü göstərir.