Azərbaycanlı rəssam Türkiyə universitetində dekan təyin olundu

azerbaycanli-ressam-turkiye-universitetinde-dekan-teyin-olundu
Oxunma sayı: 592

Azərbaycanlı rəssam və memar, sənətşünas alim, professor İlham Ənvəroğlu Türkiyənin Konya şəhərində yerləşən Selçuk Universitetinin İncəsənət fakültəsinin dekanı vəzifəsinə təyin olunub.

“Qafqazinfo” xəbər verir ki, İlham Ənvəroğlu 27 may 1970-ci ildə Ağcabədi şəhərində görkəmli filoloq-alim, professor, şair Ənvər Əhmədin ailəsində dünyaya gəlib.

Orta təhsilini Ağcabədidə aldıqdan sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, daha sonra Azərbaycan Dövlət İnşaat Mühəndisləri Universitetinin Memarlıq fakültəsini bitirib. 1990-cı illərin sonlarında Türkiyəyə köçən İlham Ənvəroğlu Konya şəhərindəki Selçuk Universitetində fəaliyyətə başlayıb, burada magistr və doktorantura təhsilini tamamlayıb. Uzun illər universitetdə pedaqoji və elmi fəaliyyətlə məşğul olan rəssam indiyədək 50-dən çox milli və beynəlxalq sərgidə iştirak edib. Azərbaycanla yanaşı, Türkiyənin onlarla şəhərində keçirilən çoxsaylı fərdi sərgilərdə əsərləri uğurla nümayiş olunub.

İlham Ənvəroğlu 2006-cı ildə 67-ci Dövlət Rəsm və Heykəl Sərgisində, 2008-ci ildə “Kempinski Sənət Günləri” sərgisində birincilik mükafatına layiq görülüb. 2010-cu ildə Balaton–Szalon Kiçikhəcmli İşlər Bienalesində böyük mükafatla təltif edilib. O, UNESCO Beynəlxalq Plastik Sənətlər Assosiasiyasının üzvüdür.

“Aman ovçu”, “Şaman”, “Müqəddəs şəhərlər”, “Cənnət quşu” və digər məşhur əsərlərin müəllifi olan sənətkar Azərbaycan-Türkiyə mədəni əlaqələrinin inkişafında mühüm rol oynayıb. Konya şəhərində yerləşən Konyanüma Panorama Muzeyində nümayiş etdirilən əsərlər Azərbaycan rəssamlarına, o cümlədən İlham Ənvəroğluna məxsusdur. Həm yaradıcılığı, həm də elmi fəaliyyəti ilə Azərbaycan-Türkiyə mədəni əlaqələrinin və diasporun inkişafında mühüm rol oynayan professor Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.