BAAU-da 30-cu Məzun Günü keçirildi - Fotolar

baau-da-30-cu-mezun-gunu-kecirildi
Oxunma sayı: 401

Bakı Avrasiya Universitetinin (BAAU) 30-cu Məzun Gününə həsr olunmuş təntənəli tədbiri “Baku Events Hall” konsert zalında keçirilib.

“Qafqazinfo” xəbər verir ki, universitet rəhbərliyinin, dövlət qurumlarının nümayəndələrinin, akademik ictimaiyyətin, professor-müəllim heyətinin, tələbələrin, məzunların və valideynlərin iştirak etdiyi tədbirdə məzunların əldə etdikləri nailiyyətlər yüksək qiymətləndirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. BAAU-nun şəhid məzunları - Vüqar İsmayılov, Anar İsgəndərov və Şamxal Əlizadənin xatirəsi ehtiramla anılıb. Daha sonra universitetin fəaliyyəti və beynəlxalq uğurlarını əks etdirən tanıtım videoçarxı nümayiş olunub.

Tədbirdə açılış nitqi ilə çıxış edən BAAU-nun rektoru, dosent Səyavuş Qasımov məzunları təbrik edərək onlara gələcək peşə fəaliyyətlərində uğurlar arzulayıb. O, tələbələrin universitetdə qazandıqları bilik və bacarıqların ölkənin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Rektor həmçinin universitetin son illər təhsilin keyfiyyətinin artırılması istiqamətində və nüfuzlu beynəlxalq reytinq təşkilatları tərəfindən əldə etdiyi nailiyyətləri də qeyd edib. O, bildirib ki, universitetimiz son illərdə həm milli, həm də beynəlxalq elm-təhsil məkanında mövqeyini daha da gücləndirmişdir. Belə ki, BAAU dünyanın nüfuzlu reytinq təşkilatlarından biri olan Times Higher Education tərəfindən açıqlanan “THE Sustainability Impact Ratings 2026” reytinqində dünya universitetləri arasında 801–1000 aralığında yer almışdır. Universitetimiz “Keyfiyyətli təhsil” istiqaməti üzrə dünya universitetləri sırasında top 300-lükdə qərarlaşmışdır. Bu nəticə universitetimizin keyfiyyətli təhsil, dayanıqlı inkişaf, sosial məsuliyyət, inklüzivlik və beynəlxalq tərəfdaşlıq sahələrində həyata keçirdiyi ardıcıl işlərin beynəlxalq səviyyədə qiymətləndirilməsinin mühüm göstəricisidir.

Rəsmi hissədə həmçinin Milli Məclisin deputatı, professor Hikmət Məmmədov, Elm və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsinin sədri Araz Paşayev çıxış ediblər. Onlar məzunları təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb, gənclərin müasir dövrün çağırışlarına cavab verən peşəkar mütəxəssis kimi formalaşmasının vacibliyini qeyd ediblər.

Tədbir çərçivəsində BAAU-nun beynəlxalq tərəfdaş ali təhsil müəssisələrinin rəhbərlərinin videomüraciətləri nümayiş etdirilib. Niğde Ömer Halisdemir Universitetinin rektoru, professor Hasan Uslu, İzmir Yüksək Texnologiya İnstitutunun rektoru, professor Yusuf Baran və Qazax Milli Qızlar Pedaqoji Universitetinin rektoru, professor Beybitkül Kərimova məzunları təbrik edərək BAAU ilə əməkdaşlığın uğurla inkişaf etdiyini və gələcəkdə daha da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.

Daha sonra BAAU-nun Regionşünaslıq və iqtisadiyyat fakültəsinin dekanı, dosent Mütəllim Rəhimov, Filologiya fakültəsinin dekanı, dosent Salman Süleymanov, professor Ədalət Tahirzadə, Tələbə Elmi Cəmiyyətinin sədri Nərmin Nurullayeva və valideyn Şəlalə Tağıyeva çıxış edərək məzunlara səmimi təbriklərini çatdırıb, onların gələcək həyat və peşə fəaliyyətlərində uğurlar arzulayıblar.

Tədbirdə həmçinin 2024-cü ilin dekabrında Bakı-Qroznı reysində təyyarə qəzasında vəfat etmiş Regionşünaslıq və iqtisadiyyat fakültəsinin Marketinq ixtisasının tələbəsi olmuş Mahmud Tutunçiyevin xatirəsi ehtiramla anılıb.

Tədbirin davamında yüksək akademik göstəriciləri ilə fərqlənən bakalavr və magistratura pillələrinin məzunları təltif olunub. Həmçinin universitetin ictimai həyatında fəal iştirak edən tələbələrə təltifnamələr təqdim edilib. 

Rəsmi hissənin sonunda ənənəvi papaqatma mərasimi keçirilib. Daha sonra tədbir bədii-musiqili proqramla davam edib. Proqram çərçivəsində həmçinin universitetimizin tələbələri mahnılar oxuyub, rəqs nümunələri təqdim ediblər. 

BAAU-nun 30-cu Məzun Günü universitet ənənələrinin yaşadılması, məzunların nailiyyətlərinin qeyd olunması və onların gələcək peşə fəaliyyətinə uğurla yola salınması baxımından əlamətdar tədbir kimi yadda qalıb.