ABŞ-də daha bir böhran - Maliyyə sistemi iflic oldu

abs-de-daha-bir-bohran
Oxunma sayı: 110

ABŞ-də fəaliyyət göstərən bir sıra aparıcı maliyyə qurumlarının, o cümlədən “Bank of America”, “JPMorgan Chase”, “Wells Fargo” və “Truist” banklarının onlayn və mobil xidmətlərinə girişdə ciddi problemlər qeydə alınıb.

“Qafqazinfo”nun məlumatına görə, müştərilər internet bankçılıq əməliyyatlarını həyata keçirməkdə və şəxsi hesablarına daxil olmaqda çətinliklərlə üzləşiblər.

Onlayn xidmətlərdəki fasilələri izləyən “Downdetector” platforması sözügedən banklarla yanaşı, “US Bank” və rəqəmsal ödəniş tətbiqi “Zelle” istifadəçilərindən gələn şikayətlərin kəskin artdığını təsdiqləyib.

“Chase Bank”ın sözçüsü yaranmış vəziyyətin kiberhücumla deyil, texniki problemlə əlaqədar olduğunu bildirib. Qurum rəsmisi bəzi əməliyyatların tamamlanmasının normadan artıq vaxt apardığını, lakin müştərilərin öz hesablarına və vəsaitlərinə çıxış imkanının saxlanıldığını qeyd edib. Onun sözlərinə görə, texniki heyət problemin ən qısa zamanda aradan qaldırılması üzərində işləyir.

Qeyd edək ki, bank sektorundakı bu nasazlıq son bir həftə ərzində ABŞ-nin kritik rəqəmsal infrastrukturunda baş verən növbəti irimiqyaslı texniki pozuntudur. Belə ki, noyabrın 12-də “Microsoft”un “Outlook”, “Teams” və digər xidmətlərində başlayan qlobal kəsinti bütün dünyada milyonlarla istifadəçinin və dövlət qurumlarının işini iflic etmiş, fəaliyyət yalnız noyabrın 14-də tam bərpa olunmuşdu.

Bundan bir gün sonra - noyabrın 13-də isə ABŞ-nin hava nəqliyyatını idarəetmə sistemlərində rabitə nasazlığı yaranmışdı. ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) təhlükəsizlik məqsədilə uçuşları müvəqqəti dayandırması nəticəsində minlərlə reys ləğv edilmiş, sərnişinlər hava limanlarında qalmışdı.