Britaniyanın nüfuzlu təşkilatının nümayəndəsi Bakının incəsənət məktəblərində olub - Fotolar

britaniyanin-nufuzlu-teskilatinin-numayendesi-bakinin-incesenet-mekteblerinde-olub
Oxunma sayı: 691

Böyük Britaniyanın nüfuzlu beynəlxalq musiqi imtahan və qiymətləndirmə təşkilatı olan ABRSM-in (The Associated Board of the Royal Schools of Music – Kral Musiqi Məktəblərinin Birləşmiş İmtahan Şurası) biznesin inkişafı üzrə meneceri Bethany Hermon Bakıda fəaliyyət göstərən bir sıra musiqi və incəsənət məktəblərinə işgüzar səfər edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfərin əsas məqsədi Azərbaycanda musiqi təhsilinin mövcud vəziyyəti, tədris prosesi və gənc musiqiçilərin hazırlıq səviyyəsi ilə yaxından tanış olmaq, ABRSM-in beynəlxalq musiqi qiymətləndirmə sistemini təqdim etmək, eləcə də Azərbaycanın musiqi təhsili müəssisələri ilə gələcək əməkdaşlıq imkanlarını müzakirə etmək olub.

Səfər çərçivəsində Bethany Hermon L. və M. Rostropoviçlər adına 21 nömrəli 11 illik Musiqi Məktəbində, Mərkəzi İncəsənət Məktəbində, G. Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində, Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində və Müslüm Maqomayev adına 26 nömrəli Musiqi Məktəbində olub.

Məktəblərdə keçirilən görüşlər zamanı qonaq tədris prosesi ilə tanış olub, müxtəlif ixtisaslar üzrə dərsləri izləyib, şagirdlərin hazırladıqları konsert proqramlarını dinləyib. Görüşlər çərçivəsində musiqi təhsilinin təşkili, pedaqoji yanaşmalar, ifaçılıq bacarıqlarının inkişaf etdirilməsi və istedadlı şagirdlərin beynəlxalq səviyyədə qiymətləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Bethany Hermon məktəblərin rəhbərliyi və müəllim kollektivi üçün ABRSM-in fəaliyyəti, beynəlxalq imtahan sistemi və musiqi təhsilində tətbiq olunan qiymətləndirmə standartları haqqında təqdimatlar keçirib. Təqdimatlarda müxtəlif musiqi alətləri üzrə ifaçılıq və musiqi nəzəriyyəsi imtahanları, qiymətləndirmə meyarları, beynəlxalq sertifikatlaşdırma imkanları, həmçinin müəllim və şagirdlər üçün nəzərdə tutulmuş tədris resursları barədə ətraflı məlumat verilib.

Belə ki, L. və M. Rostropoviçlər adına 21 nömrəli 11 illik Musiqi Məktəbində ABRSM-in beynəlxalq qiymətləndirmə sisteminin tətbiqi istiqamətində artıq mühüm hazırlıq işləri həyata keçirilib. Məktəbdə beynəlxalq imtahanların tələblərinin öyrənilməsi, tədris proqramlarının müqayisəli təhlili, müəllimlərin ABRSM qiymətləndirmə meyarları və metodik resursları ilə tanış edilməsi istiqamətində ardıcıl fəaliyyət aparılır. Bu təşəbbüs çərçivəsində məktəbin şagirdləri ABRSM-in beynəlxalq imtahanlarında iştirak edərək müvafiq sertifikatlar əldə ediblər. Hazırda digər şagirdlərin də beynəlxalq imtahanlara hazırlanması istiqamətində işlər davam etdirilir. Bu təcrübə Azərbaycan musiqi təhsilinin beynəlxalq qiymətləndirmə standartları ilə əlaqələndirilməsi və gələcəkdə ABRSM sisteminin daha geniş tətbiqi üçün mühüm ilkin baza yaradır.

Qeyd edək ki, 1889-cu ildə Böyük Britaniyada yaradılmış ABRSM dörd Kral Musiqi Məktəbi ilə əməkdaşlıq edən, beynəlxalq səviyyədə fəaliyyət göstərən musiqi təhsili və qiymətləndirmə təşkilatıdır. Təşkilat musiqi üzrə müxtəlif səviyyəli imtahanlar, beynəlxalq sertifikatlar və tədris materialları vasitəsilə musiqiçilərin peşəkar inkişafını dəstəkləyir. ABRSM kvalifikasiyaları dünyanın bir sıra ölkələrində musiqi nailiyyətlərinin qiymətləndirilməsi və müəyyən təhsil imkanları baxımından tanınır.

Bakı musiqi və incəsənət məktəblərinə həyata keçirilən səfər Azərbaycanın zəngin musiqi təhsili ənənələrinin beynəlxalq təcrübə ilə əlaqələndirilməsi, gənc istedadların inkişafı və beynəlxalq qiymətləndirmə imkanlarına çıxışının genişləndirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.

Görüşlər zamanı aparılan müzakirələr gələcəkdə ABRSM ilə Azərbaycanın musiqi təhsili müəssisələri arasında əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq imtahan və sertifikatlaşdırma imkanlarının daha geniş tanıdılması üçün yeni perspektivlər açır.