Bakı metrosunda xanıma xəsarət yetirildi

baki-metrosunda-xanima-xesaret-yetirildi
Oxunma sayı: 10881

Oktyabrın 2-də Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında qəribə hadisə baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı ŞBPİ-nin Metropolitendə Polis İdarəsinə müraciət edən S.Sultanova (şərti) bir nəfərin ona bizlə xəsarət yetirərək qaçdığını bildirib.

Şikayətçi qeyd edib ki, axşam işdən çıxıb evə gedərkən həmin şəxslərin onu izlədiyini görüb, onun sözlərinə görə, şəxslərdən biri digərinin işarəsi ilə bu addımı atıb. 

Polis əməkdaşları müraciətlə bağlı axtarış tədbirlərinə başlayıblar. Həmin şəxslər “Dərnəgül” metrostansiyası ərazisində müəyyən edilərək saxlanılıblar. Onların Kürdəmir rayon Yeni Şıxımlı kənd sakini olan dayı-bacıoğlu olması məlum olub. 2004-cü il təvəllüdlü T.Hümbətov (şərti soyadlı) barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilib.

Saxlanılan şəxs bildirib ki, həmin qadını tanımır və metroda qaçarkən deşici alət təsadüfən ona toxunub.

Protokola Binəqədi Rayon Məhkəməsində baxılıb. Zərərçəkmiş şəxs isə hadisənin qəsdən planlaşdırıldığını iddia edib. S.Sultanova məhkəməyə ifadəsində həmin şəxslərdən metro ərazisində şübhələndiyini bildirib: “Metroda gedən zaman yanındakı şəxsin T.Hümbətova məni işarə edərək nəsə deməsini gördüm. Bir az qorxsam da, özümü itirmədim. Ətrafda kamera olan yerlərə baxdım və kameranın müşahidə etdiyi yerdə dayandım. Bir qədər sonra adının sonradan T.Hümbətov olduğunu bildiyim şəxs mənə nəsə batırdı və həmin şəxslər qaçdılar. Dərhal polis əməkdaşlarına hadisə barədə məlumat verdim”.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 20 yaşlı T.Hümbətova 20 sutka həbs cəzası verilib.