BMU-da abituriyentlərlə görüş keçirildi - Fotolar

bmu-da-abituriyentlerle-gorus-kecirildi
Oxunma sayı: 421

Bakı Mühəndislik Universiteti (BMU) və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Doğru seçim, parlaq gələcək” mövzusunda abituriyentlərlə görüş təşkil edilib. 

“Qafqazinfo” xəbər verir ki, Regional Təhsil İdarəsinin rəhbərliyi, rayon məktəblərinin direktorları, yuxarı sinif şagirdləri və BMU-nun professor-müəllim heyətinin iştirak etdiyi görüşdə şəhidlərimizin əziz xatirəsi yad olunub, ardınca Dövlət Himni səsləndirilib.

Sonra universitetin akademik mühiti, maddi-texniki bazası və son illərdə qazandığı uğurları əks etdirən videoçarx nümayiş olunub.

Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev universitetin tarixi və inkişaf istiqamətləri haqqında ətraflı məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılan və bu il 10 yaşı tamam olacaq universitetdə ali təhsilin bütün pillələri üzrə 4 fakültədə (İnformasiya və kompüter texnologiyaları, Mühəndislik, İqtisadiyyat və idarəetmə, Memarlıq və inşaat) Azərbaycan və ingilis dillərində kadr hazırlığı həyata keçirilir. Qeyd olunub ki, son iki ildə bakalavriat səviyyəsində 12 yeni ixtisas, magistratura səviyyəsində isə 14 yeni ixtisaslaşma açılıb. 2024-cü ildə yaradılan İnformasiya və kompüter texnologiyaları fakültəsi ölkədə rəqəmsallaşma, süni intellekt, data elmləri və innovativ texnologiyalar sahəsində yüksəkixtisaslı kadr hazırlığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Rektor BMU-da 8 yeni kompüter, o cümlədən Kibertəhlükəsizlik, Biotexnologiya elmi-tədqiqat və tədris laboratoriyalarının istifadəyə verildiyini diqqətə çatdırıb. Bildirilib ki, ümumilikdə universitetin 20-dən çox müasir laboratoriyası, habelə Texnoparkı tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi, innovativ ideyalarının reallaşdırılması üçün geniş imkanlar yaradır. Yaqub Piriyev çıxışında son illərdə universitetə tələbə qəbulunun yüksək nəticələrlə müşahidə olunduğunu deyib və müvafiq statistik göstəricilərə toxunub.

Tədbirdə çıxış edən Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva ali məktəblərə qəbul ərəfəsində təşkil olunan belə görüşlərin abituriyentlərin düzgün ixtisas seçimində mühüm rol oynadığını deyib. O, əmək bazarında uğur qazanmaq üçün keyfiyyətli ali təhsil və peşəkar bacarıqların vacibliyini vurğulayaraq, BMU-nun bu istiqamətdə potensialını yüksək qiymətləndirib.

Sonda abituriyentlər universitetin laboratoriyaları, Texnoparkı və innovativ təhsil mühiti ilə yaxından tanış olublar.