“Konfrans Liqasında oynamağımızı arzulayırsınız?” - Qurban Qurbanov

konfrans-liqasinda-oynamagimizi-arzulayirsiniz
Oxunma sayı: 764

“Qarabağ” Misli Premyer Liqasının 30-cu turunda Tofiq Bəhramov adına Respublika Stadionunda “Turan Tovuz”u 2:1 hesabı ilə məğlub edib.

“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik edirəm. Oyunlarımız sıx qrafikdə keçir. Buna baxmayaraq, futbolçular sona kimi oyundan qopmadılar. Bu qələbə çox vacibdir. Sona kimi dözmək önəmli idi. Oyunçular xarakter göstərdilər. “Turan Tovuz”a uğurlar arzulayıram. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm.

 - Musa Qurbanlının zədəsi nə dərəcədə ciddidir?

-  Vaxt lazım olacaq. Ağrı dizindədir. Məşqdə də bunu hiss etmişdi. Bu gün ağrısı var idi. Dünənki məşqdə normal idi. Zədələndiyi epizodda ayağı düz düşmədi. Ağrı hiss etdi. Sabah dəqiqləşəcək. Xroniki zədədir.

- Buraxdığınız qolda Koxalski uğursuz çıxış etdi, yoxsa rəqib futbolçu keyfiyyətli idi?

- Hər ikisi. Baxımlı qol idi. Qapıçı belə toplara reaksiya verməlidi. Sanki daha rahat oynamaq istədi, zərbəni ciddiyə almadı. Təkrarda baxdım. Amma zərbə doğrudan da keyfiyyətli idi.

- Ramil Şeydayev bu il cəmi 1 oyuna çıxıb və 9 dəqiqə oynayıb. Onun bu gün şans qazanması nə ilə bağlı idi?

- Ramil elə oyunçulardandır ki, hər zaman işgüzarlığı ilə seçilib. Oyunlarda da, məşqlərdə də. Bu onun ən üstün tərəfidir. Oynadı-oynamadı məşqlərdə ən yaxşılardandır. Bəzən az şans veririk. Bu gün onun son dəqiqə işgüzarlığına ehtiyac var idi.

- Kubokda “Sabah”la oyunda olanlarla bağlı AFFA İntizam Komitəsi iki həftədir araşdırma aparır. Prosesin bu qədər çox çəkməsi yaxşı haldı?

- Bilmirəm. Normaldır. Kubok bir də gələn il olacaq.

- Juninyonu geri qaytarmaq istəyərdiniz?

- İnanmıram ki, onun bura gəlmək şans olsun. Çünki çox yaxşı çempionatda oynayır. Meksika liqası pullu çempionatdır. Gəlsə, yox demərəm. İnanmıram ki, belə bir hal olsun. Az qol vurur, amma vacib qollar vurur. Bir az çətin görünən məsələdir.

- Yerli bazarda əcnəbi futbolçulardan kiminləsə maraqlanırsınız?

- Bəli. Amma onların sahibləri var.

- Müdafiədə və hücumda sanki hər şey qaydasındadır. Yayda transfer vaxtı ən vacib mövqe hansı olacaq?

- Ümumi baxırıq. Hər xətdə bir neçə oyunçuya ehtiyacımız var. Çalışacağıq ki, sayı və keyfiyyəti artıraq. Builki çempionat düşündüyümdən daha keyfiyyətli və gərgin oldu. Hər bir halda, hər xətdə yeniliklərə ehtiyacımız var. Futbolda düşünmədiyin hallar olur. Matçın gedişatında çox dəyişiklik edə bilmədik.

- Kuboku “Sabah”ın qazanmasını istəyərdiniz, yoxsa “Zirə”nin?

- Hər iki komandaya uğurlar arzulayıram.

- Bu mövsüm Çempionlar Liqasındakı performansı nəzərə alsaq, Konfrans Liqasında daha çox yol qət edə bilərsiniz?

- Konfrans Liqasında oynamağımızı arzulayırsınız? (gülür) Çox istəyərdik ki, daha yuxarı liqada olaq. Böyümək üçün, böyük futbolu tam hiss etmək böyük turnirlər daha maraqlıdır. Bizi daha məsuliyyətli edir. Azarkeşlərin istəyi daha yüksək turnirlər olur. Orada tanınmış komandalar var. Məsələn, Avropa Liqası. Orada Çempionlar Liqası komandaları var. Bizim kimi hamı da belə düşünür. Bir şeyi qeyd edək ki, biz əvvəlki Avropa Liqasında cəmi 1 qələbə qazanmışdıq. Amma Çempionlar Liqasında 10 xalımız var idi. Bizdən asılı olan məsələ deyil. Avropa Liqasında oynayanda çox yaxşı komandamız var idi. Həmin il oyun baxımından, heyət baxımından Çempionlar Liqasının əsas mərhələsinə düşməyə layiq idik. Təkcə “Dinamo”ya uduzduq. Zaqrebdə nə qədər epizodumuz var idi. 0:3 ağlagələn nəticə deyildi. Orada nokauta düşmüşdük. Bakıda isə stress çox idi. O oyuna qədər bütün matçlarda yüksək səviyyədə oynamışdıq. Məşqçi olaraq rahat idim ki, biz ÇL-in əsas mərhələsinə düşəcəyik. Çox yaxşı hazırlıq keçmişdik. Amma zəmanət yox idi ki, Konfrans Liqasında və ya Avropa Liqasında şansımız çoxdur. Hər şey ola bilər. Tam əksi də baş verə bilər. O cür heyətlə cəmi Avropa Liqasında bir oyunda qalib gəldik. Heç nəyə zəmanət yoxdur. Ölkədən çıxdıqsa, fərqli stress, fərqli futbol, fərqli yanaşmadır. Orada buradakı səhvləri bağışlamırlar. Hər bir komandanın böyük potensialı, qarşısına qoyulan məqsədi var. Xeyirlisi hansıdırsa, o da olsun. Biz də istəmişik ki, hər zaman istənilən turnirdə uğurlu çıxış edək.