Milli Məclisin növbəti plenar iclası başlayıb.
“Qafqazinfo” xəbər verir ki, deputatlar bu gün 2026-cı ilin dövlət büdcəsinin son müzakirələrini aparacaqlar.
İclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri də iştirak edirlər.
Qeyd edək ki, bu gün keçirilən plenar iclasın gündəliyinə 16 məsələ daxil edilib.
***
Əli Əsədov Milli Məclisdə çıxış edir: “2026–2029-cu illəri əhatə edən növbəti ortamüddətli dövr hazırkı inkişaf meyilləri baxımından ölkə qarşısında yeni strateji çağırışlar və hədəflər formalaşdırır. Cari ilin ötən dövrü ərzində ölkə Prezidentinin həyata keçirdiyi xarici səfərlər və yüksəksəviyyəli görüşlər ölkəmizin iqtisadi gündəliyinə yeni dinamika gətirib.
Məhz cari ilin 8 avqustunda Prezident İlham Əliyevin ABŞ-yə tarixi səfəri çərçivəsində imzalanan sənədlər, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz nəqliyyat bağlantısı üzrə razılaşmanın əldə olunması regionda davamlı sülhün, beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının və iqtisadi inkişafın təmin olunmasına xidmət edəcək.
Bu dövrdə əldə olunmuş nailiyyətlər iqtisadi sabitliyin və dayanıqlığın qorunmasına, yeni investisiyaların cəlbinə və ölkəmizin beynəlxalq sahədə rolunun və mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir.
Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu, Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, 2025-ci il “Konstitusiya və Suverenlik ili” kimi qeyd edilir.
Noyabrın 8-də qürur hissi ilə şahidi olduğumuz Zəfərimizin 5-ci ildönümünə həsr olunmuş möhtəşəm “Hərbi parad” müstəqil dövlətimizin gücünün, ordumuzun qüdrətinin və xalqımızın birlikdə yazdığı şanlı qələbənin təntənəsinə çevrildi”.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər