Avtomobil nə zaman “cərimə meydançası”na aparıla bilər? –Sual-Cavab

avtomobil-ne-zaman-cerime-meydancasina-aparila-biler-sual-cavab
Oxunma sayı: 2263


Sual

Evakuator vətəndaşın avtomobilini hansı halda “Cərimə meydançası”na apara bilər? “Cərimə meydançası”na aparılan avtomobillərin sahibləri nə qədər cərimə ödəməlidir? Vətəndaş cəriməni avtomobilini “Cərimə meydançası”ndan apardıqdan sonra ödəyə bilərmi? Birbaşa “Cərimə meydançası”ndakı müvafiq otaqda oturmuş polis əməkdaşına cərimə ödənilməsi nə qədər düzgündür? “Cərimə meydançası”nda (keçmiş Qaqarin, indiki Cavaşir körpüsünün altında) bəzi işçilər var ki, onların heç bir əmək müqaviləsi yoxdur. Bu, nə qədər düzgündür?

Cavab:


Sualınıza cavab olaraq bildiririk ki, qeyd etdiyiniz hallar sürücülərin yol hərəkəti qaydalarının tələblərinin əksinə dayanma və durma qaydalarının pozulması halında baş verir. İnzibati Xətalar Məcəlləsinin 407-ci və “Yol hərəkəti haqqında” qanunun 85-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin qanunvericiliklə müəyyən edilmiş dayanma və durma qaydalarının pozulduğu halda (əgər sürücü həmin nəqliyyat vasitəsinin yanında deyilsə), həmçinin bu Məcəllənin 406.1-ci maddəsində göstərilən hallarda nəqliyyat vasitələri müvəqqəti olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağında saxlanıla bilər. Maddənin tələblərinə nəzər saldıqda avtomobil yalnız onun sahibinin olmadığı halda evakuatorla “cərimə meydançası”na aparıla biləcəyi qeyd edilir.

İnzibati Xətalar Məcəlləsinin 158-1.1-ci maddəsinə əsasən dayanma və durma qaydalarını pozan sürücü 20 manat məbləğində cərimə edilir və həmin cərimə İnzibati Xətalar Məcəlləsinin 451-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 444-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirə salmanın müddəti bitdikdən 30 gündən gec olmayaraq inzibati xəta törətmiş şəxs tərəfindən bank, poçt, plastik kart, internet vasitəsi və ya yerində ödəyə bilər.

“Yol Hərəkəti Haqqında” Qanunun 85-ci maddəsinin 10-cu bəndinə əsasən Nəqliyyat vasitəsinin sahibi inzibati pozuntuya görə müəyyən edilmiş cəriməni verdikdən və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına nəqliyyat vasitəsinin gətirilməsi və onun orada saxlanılması üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə haqq ödədikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi ona qaytarılır. Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində ona maddi zərər vurulmuşdursa, nəqliyyat vasitəsinin sahibi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. İnzibati Xətalar Məcəlləsinin 407.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsi dayanma və durma qaydalarının pozulduğuna görə, inzibati cərimənin müəyyən edilmiş müddətdə ödənilməməsinə görə tətbiq edilən nəqliyyat vasitəsinin saxlanılması barədə qərara əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına gətirilibsə, nəqliyyat vasitəsinin sahibi və ya inzibati xətanı törətmiş şəxs inzibati cəriməni (müvafiq olaraq hesablanmış dəbbə pulu daxil olmaqla) və nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqqı həmin yerdə ödəyə bilər. Bu halda sürücüyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nümunədə qəbz verilir və saxlanılmış nəqliyyat vasitəsi dərhal sahibinə qaytarılır. Sürücü inzibati cəriməni nəqliyyat vasitəsinin gətirildiyi yerdə ödəməkdən imtina etdikdə inzibati xəta haqqında iş üzrə icraat bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Qeyd edilən qanunvericiliyə nəzər saldıqda vətəndaşların ən çox dayanma və durma qaydalarını (qanunvericiliklə müəyyən edilən digər hallarda) pozduqda sürücünün həmin nəqliyyat vasitəsinin yanında olmadığı halda evakuatorla “cərimə meydançası”na apara biləcəyini, 20 AZN cərimə oluna biləcəyini görmək mümükündür. Cərimənin ödənilməsi həmin “cərimə meydançası”nda müəyyən edilmiş qaydada qarşılığında qəbz verilmək şərti ilə və ya qərarın qüvvəyə mindiyi tarixdən 30 gün ərzində ödənilə bilər. Nəqliyyat vasitəsini “cərimə meydançası”ndan götürmək, nəqliyyat vasitəsinin həmin yerə gətirilməsi və orada saxlanılması üçün müəyyən edilmiş haqq ödənilməlidir. Həmin haqq ödənildikdən sonra nəqliyyat vasitəsi sahibinə qaytarılır.
Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır.
İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsini (kontraktı) bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxsin hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir
Qeyd etməyi vacib hesab edirik ki, ilk növbədə işçi özü hüququnun qorunmasında maraqlı olmalı və əmək müqaviləsinin bağlanılmasını tələb etməlidir. Çünki, əmək müqaviləsi olmadan işçinin işləməsi onun hüquqlarının müdafiəsində problemlərin yaranmasına gətirib çıxara bilər.

(Sual Remedium Hüquq Klinikası tərəfindən Femida.az Hüquq İnformasiya Portalı ilə əməkdaşlıq çərçivəsində cavablandırılıb)