“Binamızın həyətində zibillər təmizlənmədi, yanğın oldu” - Video

binamizin-heyetinde-zibiller-temizlenmedi-yangin-oldu
Oxunma sayı: 1675

“Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi bir ildən çoxdur ki, zibillikdir. Dəfələrlə müraciətimizə baxmayaraq, buradakı zibilləri yığışdırmırlar. Nəticədə ərazidə yanğın baş verdi”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri adıçəkilən ərazidə yaşayan sakin Vitali Paşin deyib. 

Vətəndaşın sözlərinə görə, “Maşınqayırma MTK” ərazidə tikinti işləri aparıb, lakin ərazi təmizlənməyib. Töküntülər uzun müddətdir ki, qalır: “Həyətimiz tikinti tullantıları və təhlükəsizlik normalarına əməl olunmaması səbəbindən yaşayış və istirahət üçün getdikcə yararsız hala düşür. Bir ildir ki, buradakı zibillər təmizlənmir. Bu tullantılar təmizlənmədiyi üçün aprelin 4-də yanğın baş verdi. Binamızın həyəti sırf bu cür zir-zibillərə görə çox sıxdır. Əgər yanğın böyük həcmdə olsaydı, insanların təxliyəsi üçün alternativ çıxış tapmaq mümkün olmazdı. Problemlə bağlı aidiyyəti qurumlara müraciət etmişik. İstəyirik ki, burada yaşamaq təhlükəsiz olsun”. 

Məsələ ilə bağlı “Maşınqayırma MTK” ilə əlaqə saxladıq. Şirkətdən saytımıza cavab olaraq bildirildi ki, ərazidəki zibillər qısa müddətdə yığışdırılacaq: “Əslində, ona zibil demək olmaz. Orada taxtalar, tikinti materialları var. Kimsə taxtaların üstünə siqaret atdığı üçün yanğın baş vermişdi. İndiyədək materialların orada qalmasına səbəb tikintinin hələ başa çatmamasıdır. İşlər bitdikdən sonra ərazi tam şəkildə təmizlənəcək. Sakinlərin narahatlığı başadüşüləndir. Həyətdə armaturlar var. Bir həftə ərzində sakinlərin narazılığını aradan qaldıracağıq və ərazini təmizləyəcəyik”.

Fidan Etibar