ABŞ-nin Kaliforniya Universitetində aparılan klinik araşdırma xroniki yuxusuzluğun müalicəsində istifadə olunan koqnitiv davranış terapiyasının bioloji yaşlanma prosesini yavaşlada biləcəyini göstərib.
“Qafqazinfo” xəbər verir ki, tədqiqatda xroniki yuxusuzluq yaşayan, yaşı təxminən 60 və daha yuxarı olan 100 yetkin iki il ərzində izlənilib.
İştirakçılar təsadüfi olaraq iki qrupa bölünüb. Qruplardan biri yalnız yuxu ilə bağlı ümumi maarifləndirici təlim alıb, digərinə isə düşüncə və yuxu davranışlarının dəyişdirilməsinə yönəlmiş mütəxəssis nəzarətli koqnitiv davranış terapiyası tətbiq olunub.
İştirakçıların qan nümunələri və sağlamlıq göstəriciləri də araşdırılıb. DNT-də epigenetik dəyişikliklər əsasında bioloji yaşlanma sürətini ölçən “DunedinPACE” göstəricisi üzrə aparılan təhlil nəticəsində yalnız ümumi yuxu təlimi alan qrupda bioloji yaşlanma sürətinin artdığı müəyyən edilib. Koqnitiv davranış terapiyası alan iştirakçılarda isə yaşlanma sürətinin əhəmiyyətli dərəcədə yavaşladığı aşkarlanıb.
Araşdırmada yuxusuzluğun müalicəsində dərmansız yanaşma olan koqnitiv davranış terapiyasının hüceyrə səviyyəsində yaşlanma ilə əlaqəli “p16INK4a” markerinin səviyyəsini də azaltdığı müəyyənləşdirilib.
Tədqiqatçılar bunun yuxusuzluğun aradan qaldırılmasının qanda dövr edən yaşlı və zədələnmiş hüceyrələrin azalması ilə əlaqəli ola biləcəyini bildiriblər.
Tədqiqatın aparıcı müəllifi doktor Cudit Kerroll yuxunun yaşlanma prosesində mühüm rol oynadığını qeyd edib. Onun sözlərinə görə, yaşlı insanlarda yuxusuzluq çox vaxt yalnız həyat keyfiyyəti problemi kimi qiymətləndirilir. Lakin araşdırmanın nəticələri yuxusuzluğun orqanizmin bioloji yaşlanmasına təsir edən və müdaxilə edilə bilən risk faktoru ola biləcəyini göstərir.
Mütəxəssislər keyfiyyətli və fasiləsiz yuxunun iltihabı, stresslə əlaqəli hüceyrə zədələnməsini azaltmağa kömək etdiyini, bunun isə yaşlılıq dövründə demensiya və ürək xəstəlikləri ilə bağlı risklərə təsir göstərə biləcəyini bildiriblər.
Son xəbərlər
Son Xəbərlər