ABŞ-nin Aydaho ştatında yaşayan Raş ailəsi qeyri-adi nailiyyətə imza atıb.
“Qafqazinfo” xəbər verir ki, ailə “Hungry Hungry Hippos” stolüstü oyununu cəmi 3,75 saniyəyə tamamlayaraq yeni dünya rekordu qırıb.
Belə ki, Devid Raş, həyat yoldaşı Cenifer və oğulları Ceremi ilə Peter dörd nəfərlik komandalar arasında oyunu ən sürətli tamamlayan komanda olub.
Ailə əvvəlki 4,833 saniyəlik rekordu geridə qoyaraq nəticəni 3,75 saniyəyə endirib. Rekord cəhdi daha sonra “Ginnesin Rekordlar Kitabı” tərəfindən təsdiqlənib.
Bu uğur Devid Raş üçün də xüsusi əhəmiyyət daşıyıb. Belə ki, onun eyni anda sahib olduğu aktiv “Ginnes” rekordlarının sayı 200-ə yüksəlib.
Raş bununla tarixdə eyni vaxtda 200 aktiv “Ginnes” rekorduna sahib olan üçüncü şəxs olub.
Rekord cəhdi zamanı iştirakçılara ciddi qaydalar qoyulub. Komanda oyunun orijinal versiyasından istifadə etməli, başlamazdan əvvəl əllərini masanın üzərinə düz qoymalı və oyun boyu begemot fiqurlarını yalnız bir barmaqla hərəkət etdirməli idi.
Qaydalara əsasən, barmaqların dəyişdirilməsi və ya toplardan birinin masadan kənara düşməsi cəhdi etibarsız edə bilərdi. Raş ailəsi bütün şərtlərə əməl edərək rekord nəticəyə imza atıb.
Devid Raş daha əvvəl də müxtəlif sahələrdə çoxsaylı “Ginnes” rekordları ilə tanınıb. O, sürət, dözümlülük və qeyri-adi bacarıqlar tələb edən rekord cəhdləri ilə məşhurdur.
Son xəbərlər
Son Xəbərlər