Ukraynada Azərbaycan Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) yerli polis orqanları ilə birgə bank kartlarından pul oğurlayan mütəşəkkil kiberdələduzluq şəbəkəsinə qarşı keçirdiyi birgə tədbirlərdən sonra ölkədə genişmiqyaslı araşdırmalar və silsilə əməliyyatlar davam etdirilib.
“Qafqazinfo” xəbər verir ki, əməliyyat nəticəsində qanunsuz fəaliyyət göstərən “Call Center”lərə himayədarlıq etməkdə şübhəli bilinən Ukraynanın yüksəkrütbəli təhlükəsizlik xidməti əməkdaşları, o cümlədən general saxlanılıblar.
Belə ki, noyabrın 4-ü Ukraynanın hüquq-mühafizə orqanları ölkədə qeyri-qanuni fəaliyyət göstərən və çoxsaylı cinayətlərdə iştirak edən “Call Center”lərlə bağlı xüsusi əməliyyat həyata keçirib.
Yerli medianın yaydığı məlumata görə, əməliyyatın əsas məqsədi kibercinayətkarlıqla məşğul olan “Call Center”lərə himayədarlıq edən yüksəkvəzifəli şəxslərin ifşası olub.
Belə ki, beynəlxalq miqyasda fəaliyyət göstərən gizli “Call Center”lərə himayədarlıq etməkdə şübhəli bilinən Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) generalı Serhiy Duka saxlanılıb, Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi Anton Kravçuk, Dövlətçiliyin Müdafiəsi Departamentinin Baş İdarə “D” strukturunun rəis müavini Oleksandr Kovalçukun fəaliyyəti və digər şəxslərlə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, bu hadisələrdən əvvəl Ukraynada Azərbaycan DİN-in KMBİ yerli hüquq-mühafizə orqanları ilə birgə kompleks əməliyyat-axtarış tədbirləri həyata keçirib. Azərbaycandan Ukraynaya ezam olunmuş kiberpolislərin də iştirak etdiyi əməliyyat zamanı vətəndaşların bank kartlarından pul vəsaitlərini oğurlayan mütəşəkkil cinayətkar şəbəkənin Kiyevin müxtəlif ünvanlarında fəaliyyət göstərən “Call Center”ləri aşkarlanıb, çoxsaylı kibercinayətkarlar ifşa olunub.
Son xəbərlər
Son Xəbərlər