Biz əyalət deyilik, yaxud İlbər Ortaylının boş qalan yeri…

biz-eyalet-deyilik-yaxud-ilber-ortaylinin-bos-qalan-yeri
Oxunma sayı: 769

Türkiyənin daxilində, xüsusilə özünü Qərbə bənzədən və ya mərkəz hesab edən müəyyən dairələrdə Şərqə - istər ölkənin öz coğrafiyasına, istərsə də sərhədlərdən kənardakı doğma torpaqlara qarşı həmişə yuxarıdan aşağı baxış, bir coğrafi təkəbbür mövcud olub.

Bu zehniyyət Şərqdə yaşayanları illərdir “mədəniyyətsiz”, “ikinci dərəcəli” və ya “provincial” görməyə vərdiş edib. Ən acınacaqlısı isə odur ki, bu süni və kor baxış bucağı eyni qandan, eyni kökdən gələn Azərbaycana, Mərkəzi Asiyaya və bütöv Türk dünyasına da sirayət edib. Bizə tərəf baxanda qardaşlıq şüarlarının arxasında gizlənən o “əyalət” təfəkkürü, əslində, dərin bir savadsızlığın və məlumatsızlığın məhsuludur.

Bu acı reallığın ən bariz sübutunu bu gün sosial mediada, rəqəmsal platformalarda görürük. Türkiyəli blogerlər, media mənsubları Bakıya gəlib Azərbaycanı öz gözləri ilə görəndə heyrətdən məəttəl qalırlar. Çünki onların zehinlərində, bəlkə də altşüurlarında formalaşdırılan Azərbaycan obrazı kobud, qaba, incəsənətdən və kübarlıqdan uzaq bir cəmiyyət idi. Lakin bura addım atdıqları an Şərqlə Qərbin möhtəşəm sintezini, filarmoniyanı, operanı, Bakının memarlıq incilərini, insanların kübarlığını və ən əsası, sarsılmaz dünyəvi mədəniyyəti görəndə öz stereotiplərindən özləri utanmağa başlayırlar. Bu heyrətin özü belə, illərdir bəslənən o gizli təkəbbürün ifşasıdır.

Son 3 ildə Azərbaycana, onun dövlət rəhbərliyinə və müqəddəs dəyərlərinə qarşı Türkiyə mediasında və seriallarında aparılan sistemli etibarsızlaşdırma, qaralama və tənqid kampaniyası məhz bu zəhərli zehniyyətin meydan sulamasının nəticəsidir. Azərbaycana müstəqil bir dövlət, zəngin mədəniyyət beşiyi kimi deyil, öz ideoloji ambisiyalarının bir “əyaləti” kimi baxan nurçu-mühafizəkar və bəzi radikal qruplar bu gün iki ölkə arasındakı mənəvi körpüləri sarsıdırlar. Və ən ağrılısı odur ki, bu çirkin kampaniya aparılarkən Türkiyənin bugünkü ziyalı elitası və fikir adamları böyük bir sükuta qərq olublar. Sanki hər kəs başını quma basıb, bu mədəni və siyasi təxribatı sadəcə seyr edir.

Məhz belə bir dönəmdə böyük ustad, tarixçi İlbər Ortaylının yeri görünür! Onun dünyadan köçməsi, təkcə Türkiyə elmi üçün deyil, hər cür cəhalətə və təkəbbürə qarşı sözün düzünü hayqıran sarsılmaz bir qalanın uçması idi. Bu gün İlbər hocanın o səsini ucaldıb, o dırnaqarası mütəfəkkirlərə və iddialı blogerlərə “Cahillər! Siz Azərbaycanın tarixini, musiqisini, teatrını, onun ziyalılarının türk dünyasına verdiyi töhfəni bilirsinizmi?”, - deyə hayqırmasına, o kəskin, səmimi və tarixi həqiqətlərlə dolu şilləsinə elə böyük ehtiyac var ki... Digər ziyalıların qorxaqca susduğu, sosial media alqoritmlərinə və siyasi konyunkturaya boyun əydiyi bu günlərdə İlbər Ortaylının yoxluğu Türk dünyasının ən böyük yaralarından biridir.

Biz əyalət deyilik. Biz Türk dünyasının, dünyəviliyin, incəsənətin və şərəfli tarixin ən güclü dayaqlarından biriyik. Və bu həqiqəti qəbul etmək istəməyən daxili korluğa qarşı ən böyük silahımız - məhz öz mədəniyyətimizə sahib çıxmaq və İlbər hoca kimi doğruları qorxmadan deməyi bacaran həqiqi ziyalıların irsini yaşatmaqdır.

Aslan Vəliyev