Britaniya mətbuatı Londonun tarixi nişanələrindən biri olan qara taksilərin istehsalçısının fəlakətli vəziyyətə düşməsindən yazır. Vəziyyət o qədər mürəkkəbdir ki, qara taksilərin bundan sonra istehsal edilib-edilməyəcəyi bilinmir.
Qəzetlər yazır ki, London taksilərini Ingiltərənin Koventri şəhərində istehsal edən Manganese Bronze, rəhbərliyə şirkətə “inzibatçıların” dəvət olunmasına hazırlaşır.
Britaniyanın biznes praktikasında, “maliyyə inzibatçıları” kənardan dəvət olunan maliyyə ekspertləridir.
Onların vəzifəsi iflasla üzləşmiş şirkətin maliyyə əməliyyatlarına nəzarət etməkdir.
Onları həm də xəstəyə ölüm ayağında baxan həkimlərlə müqayisə etmək olar.
Şirkət “kəfəni yırta da” bilər, “yıtmaya da”...
Ən pis halda “maliyyə inzibatçıları” müflisləşmədən əvvəl şirkətin kreditorları və ya borc verənləri ilə danışıq aparıb, daha abırlı nəticə əldə edirlər.
Daha doğrusu, “şirkətin abırlı bir şəkildə dəfnini” hazırlayırlar.
Şirkəti qara günə çinli şərikləri qoyub
Manganese Bronze elan edib ki, özünün ən böyük səhmdarlarından ona vəd olunmuş krediti ala bilməyib.
Söhbət Çinin şəxsi avtomobilqayırma şirkəti olan və 15 milyon funt sterlinq kredit vəd etmiş “Geely” firmasından gedir. “Geely” Manganese Bronze şirkətində 20 faizlik paya sahibdir. Bu da xəbər verilir ki, bu kredit şirkətə Bakının sifarişini yerinə yetirmək üçün lazımdır.
Yağışdan çıxmadan yağmura düşmək
Belə bir məsəl var: “Adamın işi düz gətirməyəndə, quymaq da diş sındırır”.
London taksilərinin istehsalçısı üçün belə bir “quymaq” taksilərin yeni modeli olan TX4 markalı avtomobillərin 400 ədədində sürət qutularının qüsurlu olduğunun aşkar edilməsidir.
Bu ilin fevralından istehsal olunan yeni markadakı qüsur ciddi qəzalara və ya xəsarətlərə səbəb olmayıb.
Lakin qüsur qüsur olaraq qalır və taksi sürücüləri artıq öz şikayətlərini bildiriblər.
Şirkət isə qüsurlu maşınları geri çağırıb, bu isə əlavə maliyyə itkisi deməkdir.
Ötən günlərimi qaytaraydılar
“Londonun qara taksilərinin əsrarəngiz bir keçmişi var.
Lakin elə ən çətini də keçmişin əziz nişanələrini qoruyub saxlamaqdır. Hətta mühafizəkar ingilislər üçün də".
London Taksi Şirkəti 1948-ci ildən bəri 100 mindən artıq avtomobil buraxıb.
Bu maşınların ən son modeli olan TX4 2006-cı ildən istehsaldadır.
Londan taksisi Londan üçün doğulub
Heç bir müasir avtomobil, London mərkəzinin darısqal küçələrinin öhdəsindən qara taksi qədər səriştə ilə gələ bilmir.
Onun dönmə bucağı çox dar küçələrdə yerləşən beş ulduzlu hotellərin varlı sakinlərinə yaxşı xidmət etmək imkanı yaradır.
Hərçənd indi “Mercedes”-lər və “Nissan”lar da bu cür dönməyi bacarırlar və elə onlar da qara taksinin gələcəyini sual altında qoyurlar, çünki London taksisindən daha az və daha təmiz yanacaq yandırırlar.
London taksilərini sürənlər 5 il müddətində təhsil alırlar, bundan sonra isə təcrübə dövrü başlanır.
Belə uzunmüddətli təhsil yəqin ki, bir də cərrahlar üçün nəzərdə tutulub.
Məşhurların taksisi
Londonun qara taksisi özlərini çox da gözə soxmaq istəməyən məşhurların sevimli minik vasitəsidir.
“The NY Daily News” saytı yazır ki, Britaniyanın məşhur aktyoru və kino rejissoru Stephen Fry, model Kate Moss və Şahzadə Filip məhz gözə dəyməmək üçün şəxsi maşın kimi “qara taksi” alıblar.
Hollivud ulduzu Arnold Şvarsneger bu maşına o qədər heyran olub ki, onu şəxsi istifadəsi üçün Kaliforniyaya gətizdirib.
Qara taksinin şöhrəti onu həm də San Fransisko, Kosovo, Bakı, Sinqapur, Cənubi Afrika, Kipr və Israildə taksi edib.
Azərbaycan paytaxtının bu siyahıda olması təsadüfü deyil.
O şey ki, məşhurdur və məşhurların xoşuna gəlir, deməli, Azərbaycan elitasının da xoşuna gəlməlidir.
Hərçənd, Londonun qara taksisi Bakıya bənövşəyi və ya bakılıların dediyi kimi “badımcan” modifikasiyasında gəlib.
Prezident seçimi
Hələ bu ilin may ayında “Wall Street Cournal” qəzeti yazırdı ki, Azərbaycan London taksisinin ən böyük alıcısıdır. Beləki, o, artıq bu avtomobildən 1000 dəst alıb və daha 3000 dəst sifariş etmək niyyətindədir.
Məqalənin müəllifi Paul Sonne Azərbaycan rəsmilərinə, ilk növbədə nəqliyyat naziri Ziya Məmmədova istinadən iddia edir ki, Bakının London taksiləri üçün tünd bənövşəyi rəngi prezidentin özü seçib.
Qəzet yazırdı ki, hələ 2010-cu ildə prezident Ilham Əliyev seçim etmək üçün məşhur avtomobilqayırma şirkətlərini Bakı parkinqlərindən birinə dəvət etmişdi.
“Daewoo” bir neçə maşın gətirib, elə “Şevrolet” də - yazır müəllif, - ad günlərində və toylarda icarəyə vermək üçün bir neçə London taksisi almış bir Azərbaycan şirkəti də maşınlarını gətirib".
“London Taxi” şirkətinin beynəlxalq marketinq üzrə direktoru belə danışırmış: “Beləliklə, hamı öz maşınlarını böyük parkinqdə nümayiş etdirir. Elə ki, maşınları seyr edən prezident London taksilərinə çatır, belə deyir: ”Bax, mənim istədiyim maşın budur. Məncə, ən yaxşı taksilər elə bu maşınlardır".
Müəllif iddia edir ki, prezident özü bu maşınlardan birini sürərək test edib.
Paul Sonne bunu da qeyd etməyi unutmur ki, Bakıya gətirilmiş London taksiləri Çində, daha dəqiq deyilsə, Şanxayda yığılıb.
Və elə həmin məqalənin sonunda müəllifin söhbət etdiyi 46 yaşlı Bakı sakini deyir:
“Heç olmasa bu badımcan rəngli taksilər daha yaxşı həyat üçün ümid yaradır”.
“London taxi” şirkəti üçünsə, indi ümid Bakı və Gəncədir
Manganese Bronze şirkətinin işləri artıq dörd ildir ki, yaxşı getmir. BBC xəbər verir ki, firmanın satışı tənəzzüldədir. Şirkət ötən il cəmi 1502 taksi sata bilib, halbuki 2010-cu ildə bu rəqəm 1653 olub. Nəzərə alsaq ki, bu maşınlardan 1000-i üçün sifarişi Bakı verib, deməli, Azərbaycan əslində şirkətin “qanının arasına girib”.
Bunu şirkətin baş icraçı direktoru Russel də etiraf edir.
O, deyir ki, qara taksilərin ilin ilk 6 ayında Britaniyanın daxilində satışı 22,9 faiz azalaraq cəmi 577 dəst edib. Lakin beynəlxalq satış 6,3 faiz (504 dəst) yüksəlib.
Cənab Russel əlavə edir ki, Azərbaycandan başqa beynəlxalq bazarlara satış yox dərəcəsindədir.
“The Guardian” qəzeti keçən ay yazırdı ki, Azərbaycan sifarişinin gecikdirilməsinə səbəb avrozonada baş vermiş böhran ucbatından maliyyə vəsaitinin çatışmaması olub.
“The Daily Telegraph” isə yazır ki, Manganese Bronze şirkətini 1000 maşınlıq Azərbaycan sifarişi dəÿxilas etməyə bilər.
Bütün bu deyilənlər göstərir ki, Britaniya şirkətinin göstərdiyi səbəblər, yayğın və ya qeyri-şəffadır.
Bu səbəblər bir neçə sualı açıq buraxır: Azərbaycanın sifarişi artıq yerinə yetirilibmi? Azərbaycan tərəfi 1000 maşın üçün mətbuatda sözü gedən 27 milyon dolları ödəyibmi? Və nəhayət, Gəncə sifarişi yerinə yetiriləcəkmi?
Qara taksilərin probleminin “badımcan”lara dəxli yoxdur?
“Bakı Taksi” Şirkətinin başçısı Ilqar Qasımov “Trend” agentliyinə bildirib ki, Bronze Holdinqdəki maliyyə çətinlikləri Azərbaycana gələcəkdə bu avtomobillərin gətirilməsini əngəlləməyəcək.
Cənab Qasımov bildirib ki, “holdinqdə daxili problemlər var, lakin orada səhmdarlar, hətta lap əsas səhmdar dəyişsə belə, Azərbaycana TX4 markalı taksilərin idxalı təsirlənməyəcək”.
Qasımov əlavə edib ki, şirkət yeni maşınların alınmasını planlaşdırır və müxtəlif maliyyələşdirmə variantlarını nəzərdən keçirir.
Ilqar Qasımov Azərbaycana artıq gətirilmiş taksilərdə yuxarıda söhbəti gedən qüsurların olub-olmamasından söz açmayıb.
Lakin bununla belə, Ilqar Qasımovun bəyanatından aydın bir nəticə çıxarmaq olmur.
Bugünkü Britaniya qəzetlərini oxuyanda cənab Qasımovun nikbinliyini izah etmək çətindir.
Ölkənin aparıcı qəzetlərindən biri bu gün belə bir sərlövhə ilə çıxıb: “Qara taksilərin kədərli ölümü”.
Və sonda bu barədə iki ən yeni xəbər. Qara taksilərin Londonun simvollarından biri olduğunu nəzərə alan hökumət, UNITE həmkarlar ittifaqının xahişi ilə şirkəti xilas etməyə çalışacağını ehtiyatlı bir şəkildə vəd edib.
Bu da xəbər verilir ki, qara taksilərin istehsalçısının bütün keçmiş maliyyə əməliyyatlarını xüsusi təyin edilmiş komissiya diqqətlə öyrənəcək.
Qəzetlərin yazdığına görə, şirkətin bir sıra maliyyə qanunlarını pozduğu barədə şübhələr mövcuddur.
Zülfüqar Rüfətoğlu, "Azadlıq" radiosu