BMU ilə Türkiyənin Kafkas Universiteti arasında Memorandum imzalandı - Foto

bmu-ile-turkiyenin-kafkas-universiteti-arasinda-memorandum-imzalandi
Oxunma sayı: 1434

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev Türkiyənin Kafkas Universitetinin (Qars) rektoru Hüsnü Kapı ilə görüşüb. 

“Qafqazinfo” xəbər verir ki, görüşdə iki ölkə arasında təhsil sahəsində də sıx əlaqələrin olduğuna toxunan Yaqub Piriyev ayrı-ayrı ali təhsil müəssisələri arasında qurulan əməkdaşlığın ümumi işə verdiyi töhfədən, bu əməkdaşlıqların önəmindən danışıb.

Rektor BMU-nun maddi-texniki bazası, Cənubi Koreya Respublikasının İNHA Universiteti ilə birgə gerçəkləşdirilən tam dövlət təqaüdlü ikili diplom proqramı barədə zəruri informasiyaları da qeyd edib. Eyni zamanda, BMU-nun “QS Avropa Universitetləri Reytinqləri 2024” cədvəlində Azərbaycan üzrə yer alan 8 ali təhsil ocağından biri olduğunu söyləyib.

Öz növbəsində rektor Hüsnü Kapı ölkələrimizin məmnunluq doğuran dostluq, qardaşlıq münasibətlərindən ətraflı danışıb. Rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyət istiqamətləri, tədris olunan ixtisaslar və kadr hazırlığı üzrə aparılan işləri də diqqətə çatdıran Hüsnü Kapı BMU ilə əməkdaşlıqda xüsusi maraq kəsb edən sahələrə toxunub.

Sonda Bakı Mühəndislik Universiteti ilə Kafqas Universiteti arasında ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlərini-birgə araşdırmalar, elmi-tədqiqat fəaliyyəti,  elmi konfans, tədbirlərin təşkili, müəllim-tələbə mübadiləsi və s. nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.