Bu kəndə köçənlərə 43 min verirlər - Fotolar

bu-kende-kocenlere-43-min-verirler
Oxunma sayı: 353

İsveçrənin Alp dağlarında, Valais kantonunun Leuk rayonundakı Albinen kəndi əhali azalmasının qarşısını almaq məqsədilə köçməyə razı olanlara maliyyə təşviqi təklif edir.

“Qafqazinfo” xəbər verir ki, kənd rəhbərliyinin həyata keçirdiyi proqram çərçivəsində Albinendə məskunlaşan hər bir yetkin şəxsə 20 min İsveçrə frankı (təxminən 43 min manat), hər uşağa isə əlavə olaraq 10 min İsveçrə frankı (təxminən 21,5 min manat) ödənilir.

Lakin bu təşviqdən yararlanmaq üçün müəyyən şərtlər mövcuddur. Müraciət edənlər 45 yaşdan kiçik olmalı, kənddə minimum 10 il yaşamağa öhdəlik götürməli və ən azı 200 min İsveçrə frankı (təxminən 431 min manat) dəyərində əmlak almalıdırlar.

Bundan əlavə, köçən şəxslərdən bölgədə yaşamaq, işləmək və uzunmüddətli perspektivdə İsveçrədə məskunlaşma qaydalarına uyğun addımlar atmaq tələb olunur.

Rəsmilərin bildirdiyinə görə, proqramın əsas hədəfi kənd həyatını qorumaqdır. Bu təşəbbüs məktəblərin bağlanmasının qarşısını almağı, yerli iqtisadiyyatı canlandırmağı və sosial həyatı gücləndirməyi məqsəd qoyur.

Şəhər həyatından uzaqlaşıb təbiətlə iç-içə sakit bir yaşam qurmaq istəyənlər üçün Albinen kəndinin bu təşviq proqramı diqqətəlayiq bir seçim kimi dəyərləndirilir.