“Bu ölkələrin iqtisadiyyatlarına 20 milyard dollardan çox sərmayə qoymuşuq”

bu-olkelerin-iqtisadiyyatlarina-20-milyard-dollardan-cox-sermaye-qoymusuq
Oxunma sayı: 658

“Dünyada bir çox beynəlxalq təşkilatlar var, ancaq etnik köklər üzərində yaranmış təşkilatların sayı o qədər də çox deyil. Yəni bu, bizim çox böyük üstünlüyümüzdür. Yəni bizi birləşdirən bizim etnik mənsubiyyətimizdir. Bu, birinci amildir. Ondan sonra bizim coğrafiyamızdır, ölkələr arasındakı çox xoş və isti münasibətlərdir, vahid məqsədlərdir. Ona görə bax, bütün bu amilləri nəzərə alaraq biz təşkilatımızı daha da yüksək pilləyə qaldırmalıyıq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçıları ilə görüşündə bildirib.

“Təşkilatımızın inkişafı üçün əlbəttə ki, Zirvə görüşlərinin böyük əhəmiyyəti var. Bu görüşlər müntəzəm olaraq keçirilir və bildiyiniz kimi, Azərbaycanın təşəbbüsü ilə dövlət başçılarının qeyri-rəsmi görüşləri də keçirilməyə başlamışdır. Birinci belə qeyri-rəsmi Zirvə Görüşü Qarabağda, Şuşada keçirilmişdir. Artıq bu, ənənə halına çevrilib və hesab edirəm ki, bu da çox gözəl göstəricidir. Dövlət başçıları artıq ildə ən azı iki dəfə görüşürlər. Çünki həm müzakirə edilməli məsələlər çoxdur, həm dünyada proseslər o qədər sürətlə gedir ki, daim biz məsləhətləşmələr aparmalı, bir-birimizin fikirlərini öyrənməli və düzgün qərarların qəbul edilməsi üçün ortaq addımlar atmalıyıq.

İqtisadi sahədə sizin də görüşünüzün əsas məzmunu bu olacaq, işlər yaxşı gedir. Azərbaycana gəldikdə, bütün üzv ölkələrlə bizim ticarət dövriyyəmiz artır, qarşılıqlı sərmayə qoyuluşunun həcmi artır. Biz təşkilata üzv ölkələrin iqtisadiyyatlarına 20 milyard dollardan çox sərmayə qoymuşuq. Düzdür, bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir. Ancaq digər üzv ölkələrlə də qarşılıqlı sərmayə qoyuluşu prosesi gedir. Bizim Özbəkistanla, Qazaxıstanla, Qırğızıstanla birgə investisiya fondları yaradılmışdır. Bu fondlar vasitəsilə artıq bir çox layihələr icra edilir, yaxud da ki, onların icrası üçün hazırlıq işləri aparılır”, - Prezident qeyd edib.