İranın ABŞ ilə mümkün danışıqlarının gündəliyi Tehranın daha əvvəl irəli sürdüyü 7 günlük plana əsaslanır.
“Qafqazinfo” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Al Jazeera” telekanalına müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, hazırda müzakirə masasında olan plan əslində İranın daha əvvəl təqdim etdiyi 7 günlük təşəbbüsdür:
“Sənəddə Hörmüz boğazının açılması ilə bağlı Tehranın şərtləri yer alır. Bu tələblər yerinə yetirilərsə, boğaz altıncı gün açılacaq, yeddinci gün isə İranla ABŞ arasında danışıqlar bərpa olunacaq. Plan BMT Baş Assambleyasının sessiyası zamanı Nyu-Yorkda təqdim edilib. İlk gün ABŞ bir sıra addımlar atmalı, ikinci gün isə Hörmüz boğazı açılaraq gəmiçilik əvvəlki qaydasına qayıtmalıdır”.
Nazir bildirib ki, Vaşinqtona ünvanlanan tələblər İslamabad anlaşma memorandumunda əksini tapıb:
“Sənədin doqquzuncu bəndinə əsasən, ABŞ yeni sanksiyalar tətbiq etməməli və regiondakı hərbi mövcudluğunu artırmamalıdır. Tehran isə memorandumun imzalanmasından sonra tətbiq edilən bütün sanksiyaların ləğvini, ABŞ hərbi qüvvələrinin sayının əvvəlki səviyyəyə endirilməsini və blokadanın aradan qaldırılmasını tələb edir. Bu tələblərə neft məhdudiyyətləri ilə bağlı əvvəldən nəzərdə tutulan istisnalar da daxildir”.
Xarici işlər nazirinin sözlərinə görə, Hörmüz boğazında gəmiçilik üçün İran və Oman arasında razılaşdırılmış yeni marşrut müəyyən edilməli, boğazın cənub hissəsindəki digər marşrutlar isə bağlanmalıdır:
“Tehranın şərtləri yerinə yetirildikdən və Hörmüz boğazı açıldıqdan sonra ABŞ ilə danışıqların bərpası mümkün olacaq”.
Xatırladaq ki, Əraqçi daha əvvəl “Al Jazeera”ya müsahibəsində İranın yeni silah növlərini sınaqdan keçirdiyini və ölkənin silahlı qüvvələrinin yüksək döyüş hazırlığı vəziyyətində olduğunu bildirmişdi.
Son xəbərlər
Son Xəbərlər